Əlirza HƏSRƏT (Abbasov Əlirza Azadxan oğlu) 1 noyabr 1964-cü ildə Əli-Bayramlı şəhərində anadan olub.İbtidai və orta təhsilini öz doğma şəhərlərində alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuta səhifələrində şeirləri dərc olunmaqdadır.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı, “Cənub bölgələrinin ədəbiyyatı” bölməsinin Baş redaktoru seçilmişdir.
İxtisasca mühəndis-texnoloqdur.Altı şeir kitabının müəllifidir.Respublikanın bütün ədəbi orqanlarında ədəbi-bədii nümunələri çap olunur.Şeirləri dok.professor İsa KAYACANIN məsləhəti ilə dəfələrlə Türkiyə mətbuatında dərc olunub.Bir sıra almanaxlarda şeirləri bir neçə dəfə dərc olunub.Şeirlərinə müsiqi bəstələnib.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2009-cu ildə AYB-nin keçirdiyi “Qadınlara həsr olunmuş ən yaxşı şeir” müsabiqəsinin qalibidir.
QUZEY BƏNÖVŞƏSİ
Bənövşə gözləri gülür baharın,
Götürüb aləmi quşların səsi.
Tumurcuq-tumurcuq çıxır canından,-
Çılpaq ağacların soyuqdəyməsi.
Gecənin yuxusu ərşə çəkilib,
Bənövşə ətrinə elçi düşüb dan.
Gözümdə qışlanan həsrət çiçəyim,-
Səni də tanıdım ayrılığından.
Quzey bənövşəsi biraz gec solur,
Sevən ürəkləri sərinlətməyə.
Dağların döşünə yatıb ahım ki,-
Üzünə bənövşə həniri dəyə!
İGİD OĞULLARA VƏTƏN AD VERİR
(Əsgər oğlum Ülvi Abbaszadə üçün)
Tökülür çöhrəndən mərdlik,cəsarət,
Vətən arxalanır sənə dağ kimi.
Əsgər papağında yanan Ay-ulduz,-
Nur saçır aləmə çilçıraq kimi.
Dünyanın ən gözəl səadət payı,-
Sevib qorumaqdır ana vətəni.
Başını uca tut,ay əsgər oğlum,
Zirvəyə aparır hər pillə səni.
Əsgərtək bağrıma basıram səni,
Sanıram o körpə yaşdasan elə.
İnamın bayraqdır,and yerin Vətən,
Əsgər geyimində başqasan elə.
Hər gün əsgərlərin ayaq səsində,-
Hünər nəğməsini dinləyir Vətən.
Əsgərlik borcunu verirsən deyə,-
Səninlə gör necə öyünürəm mən?!
Qızlar çiçək tutub əsgər yoluna,
Arzular adama qol-qanad verir.
Həyatın müqəddəs neməti kimi,-
İgid oğullara Vətən ad verir!
QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC
Haradandır bu hıçqırıq neydəki?
Şirinləşdi dilim bu gileydə ki.
Tənha quşdan qatar olmaz Göydə ki,
Durnaları sevdim dəstə şəklində.
Xatirənlə oynayıram “gizlən-qaç”,
Gəl saçına düyün vurum,sın də aç.
Qapımıza elçi dşüb ehtiyac,
Bir alagöz,boyubəstə şəklində.
Gördün yolum dirənibdir yoxuşa,
Pöhrə oldun sığındığım koğuşa.
Hər gün səni nəzmə çəkdim, ay Şuşa,
İtkin düşmüş bir “Şikəstə” şəklində..