rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

ŞEİR YARANIR

“Mənim dünyam” – silsiləsindən

Önümdə bəm- bəyaz,
təzə gəlinlik kimi,
yazılmamış ağ vərəq.
Yazacağım şeir üçün toplayıram
fikrimi,…
Əlimdə- kamana qoyulub gərilmiş,
atışa hazır oxa bənzər,
tək olan qara gözünü hədəfinə,
məsum ağ kağıza tuşlamış qələm.
Həyəcanla gözləyir ki,
təbimlə razılaşam,
ilk misralarımı yazmaq üçün,
qərara gələm.
Qulağımda- beynimi döyəcləyən,
məni uyumamağa səsləyən,
divar saatının susmayan ritmi –
tıq, tıq, tıq…
Aydındır. Yenə yoxdur mənə,
nə dinclik, nə də ki,
rahatlıq…
Əlacım hər şeydən üzülür.
Sevgili qələmimdən,
sevdiyim ağ vərəqə,-
ürəyimdə, əqlimdə bəslədiyim,
nə varsa süzülür…

MƏN OLDUM

“Könül dəftərim” – silsiləsindən

Qəlbində qurdum pusu,
Oldum könül ovçusu.
Sevdiyimin yox suçu,
Aşiq olan, mən oldum.

Sevdanı asan sandım,
Alışdım, alovlandım.
Ov edərkən, ovlandım,
Qəlbi talan, mən oldum.

Eşqdə olmaz qadağa,
Canım yara sadağa.
Mən qul oldum,o ağa,
Ağlar, nalan, mən oldum.

Yazan yazdı yazını,
Sevdim xoş avazını,
Çəkdim cəfa, nazını.
Gültək solan, mən oldum.

Dövrandır Haqq qisməti,
Hörmət, iffət, isməti.
Eşqindən dönməz qəti,
Ona qalan, mən oldum…