* * *
Gecə telefonda,
başımı başına söykəyib,
dərdlərindən aldığım payımı
başımın altına qoyub,
səsindəki təbəssümə bürünüb,
ümidimi qucaqlayıb yatdım.
Qoparıb ruhumu bədənimdən
sənə sarı gəldim.
Sevginlə məst idim bir az dumanlı…
Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm…
Ümidlərim qucagı boş qayıtmışdı qoynuma.
Bu gecə də telefondan
nefes kimi asıldım.
Günəş yavaş yavaş əritdi gecəni.
Geriyə bir nağıl qaldı gecədən…
AĞLAYAN ŞEIR
Qırıldım.
Eşitmədin.
Çiliklərim doğradı içimi, sızıldadım.
Kədərlənməyəsən deyə,
Gülüşümü sərdim
ağrılarımın üstünə..
Qarşılıqsız bir sevginin,
səfil xəyallarına dala-dala
unutmuşam özümü.
Axır bir gün
Çiliklərim doğrayacaq hisslərimi,
Yaxşısı, toxunma.
Yığışdır addımbaşı unutduğun ümidləri,
yığışdır.
Yeriməyim çətin olur.
Dolaşır ayağıma ümidlərin.
Toxunma yalqız qalmaq istəyim var.
Bu şeirdə qarşılıqsız bir sevgimə ağladım .
Ağladım…Ağladım…
Göz yaşımda həsrət üzdü
ümidimin sahilinə çatmağa.
AYIN GÜNƏŞƏ SEVGİ ETİRAFI
Günəş yer üzünü
işıqlandırdığı,
torpağı isidib,
dənizi qabartdığı tək,
o gözəl çöhrən
dünyamı işıqlandırır,
qanımı qaynadır
sinəmi qabardır…
Həsrət qalmışıq bir-birimizə,
qovuşmağımız imkansız.
Sən olanda mən olmuram,
mən olanda sən.
Gecəylə gündüz, günəşlə Ay kimi
Seyrək – seyrək
görüşürük
onu da çox görürlər bizə.
Hərə əlinə bir qazan
bir dəmir alıb
döyəcləyib bizi ayırır,
Çünki qovuşsaq
dünya bitər…