Elməddin Nicat 1982-ci il avqust ayının 23-də Kəlbəcər rayonunun Zeylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin olsun” şeirlər kitabının müəllifidir.AYB və DGTYB üzvüdür.
***
Qayğılar zamana yükdü,
Saatım geriyə dönmür.
Məndən ona sevda yolu,
Ondan bəri yol görünmür.
Kimsə düşüb dalımıza,
Hay-haraynan kimdi elə.
Qara bəxtim, qara vaxtım
Əvvəlim, ilkimdi elə.
Yolumu ağlım aparır,
Ürək məni sənə çəkir.
Ağardın ağlım, bilmədin,
Nə çəkir ürək, nə çəkir.
Hərdən bir qız əl eyləyir,
İllərin o tərəfindən.
Yaman tez-tez ağrı qalxır,
Sinəmin sol tərəfindən.
ELƏ GÖZƏLDİ Kİ
Bəzən dünya tarimardı,
Bəzən elə gozəldi ki!…
Bu nizamı yerbəyernən,
Düzən elə gözəldi ki!…
Ürəkdən, candan oxuyan,
Damardan, qandan oxuyan.
Əhli-irfandan oxuyan,
Ozan elə gözəldi ki!…
Xəyalım dağda, aranda,
Nələr olmur bircə anda.
İçini boşluq saranda
Azan elə gözəldi ki!…
Tanrı soyuq baxdı bizə,
Qarğadı kim bəxtimizə?!
Bu dərdi kəm bəxtimizə
Yazan elə gözəldi ki!…
OTUZ YAŞIN İLK ŞEİRİ
Bu günlərin qara günü,
Dünənin ağ yolu dərdim.
Doluların boş ünvanı,
Boşluqlardan dolu dərdim.
Kök-köməcli sal qara daş,
Kəsərli dil, havalı baş.
Qapısında qul-qaravaş—
Özü sevda qulu dərdim.
Səpilməyib qan toxumu,
Ruhum qada, qan qoxumur.
Ürəyimin qan qohumu,
Ululardan ulu dərdim.
Arzularım bala quşdu,
Ağrın, acın bala tuşdu.
Səndən gələn bəla xoşdu,
Nə göndərsən olu dərdim.
Yellər əsdi başındaca,
Kəklik oxur daşındaca.
Ömrün otuz yaşındaca,
Sipsilə, dopdolu dərdim.
BU AXŞAM…
Bu axşam səmada buludlar saya,
Boylanır gecədən ulduzlar qərib.
Ya qismət, bir daha ola-olmaya,
Yaxşı ki, bəxt bizə xoş üz göstərib.
Bəlkə də bir ömür bəs edər bizə.
Bu siyah gecədə doğulan sevgi.
Açılar sabaha , çıxar gündüzə,
Ən acı qəhərdən boğulan sevgi.
Xurmayı saçların sığala yatar,
Zərif əllərində bir əl yeri var.
İlahi sevgilər nağıla yatar,
Ürəyin bir aləm dərdi-səri var.
Bəyaz sifətinə baxıb bu ayın,
Min sevda nəğməsi oxumaq olar.
Qara gözlərinə baxıb arxayın,
Sevgini hüsnünə toxumaq olar.
BU DƏRDİ KİMƏ DANIŞSAM…
Bu dərdi kimə danışsam,
Göynəyib göylərə çıxar.
Dilində sızlar bayatı,
Yanğısı neylərə çıxar.
Qar tutdu eşqin gədiyin,
Bircə səndin güvəndiyim.
Ah tutar, qoca kötüyün
Ağrısı şüylərə çıxar.
Dərdin acı dərdin atmaz,
Dərdbiləni dərd unutmaz.
Sevdalanan qərar tutmaz
Baş alıb köylərə çıxar.
QARAGÖZLÜM
Başlayar yaz yağışları,
İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb—
Süslənərsən, qaragözlüm.
Həsrətiyik gör nələrin,
Yaz yağışlı gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.
Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd əlimnən.
Uzaqlaşma, dərd ələmnən—
Bəslənərsən, qaragözlüm.
Tuşmu gəldik qarğışlara,
Bəd nəzərli baxışlara.
Məni yazda yağışlara
Qısqanarsan, qara gözlüm.
GETMƏ
İçimdəfırtına, bayırda tufan,
Üstümə bir acı yel əsib, getmə.
Bu yolu gecikə-gecikə gəldin,
Bu yolu tələsib, tələsib getmə.
Qıyma ki, xəyalım sürgünlük olsun,
Körpə duyğularım süngülük olsun.
Gedişin birgünlük, beşgünlük olsun
Aradan bir uzun il asıb getmə.
Heç mənə gəlmədi səndən gedənlər,
Ömürdən gedənlər, gündən gedənlər.
Yaman uzaq gedir məndən gedənlər,
Yol çəkən gözümdən yol asıb getmə.
KÖNLÜMÜN ƏFƏNDİSİ
İbrahim İlyaslıya
İlahi eşqin yolçusu,
Dərd əhli, dərdiş əfəndim.
Könlü haqqa bağlamaqdan
Olmaz ki, mərd iş, əfəndim.
Şam gözləyir bu ağ şamdan
Nağıl olmaz bu oxşamdan.
Bu sabahnan, bu axşamnan
Fırlanır gərdiş, əfəndim.
Can istər sədam olmağı,
İçimdə edam olmağı.
Adamnan adam olmağı
Eylədim vərdiş əfəndim.
Dünyanın kölgə yönümü
Pozmaya keşgə yönümü.
Tutub da eşqə yönümü
Etdim pərəstiş, əfəndim.
Sən, o eşqin ta kəndisi,
Səndə qalıb tükəndisi.
Ay könlümün əfəndisi
Sevdalı dərviş əfəndim.
DƏRDİNİ YAĞIŞA DANIŞ
Dərdini yağışa danış,
Yuyub acısın aparsın.
İçini kəsib doğrayan
Qara sancısın aparsın.
Cücərməz içimdə sevinc,
Soyuq döyür, şaxta kəsir.
İynə ucu ümüdim var,
Ondan tale, baxt da kəsir.
Dərd içini yandırdımı,
Qamışa de neyə dönsün.
Budağı puçurlamasın
Saralmış güneyə dönsün.
Haqqa yol alsın sevdalar,
Qayıtmasın yer üzünə.
Çöküb dərdin boğazına
Elədiyin vur üzünə.
Mən də səndən gələn yolam,
Tükənərmi məndə yolun?!
Bir məktub var eşqimə ver
Nə vaxt düşsə kəndə yolun.