Sumqayıt şəhər Poeziya Evində Əli Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə AYB üzvü, Qarabağ müharibəsi əlili, şair Ədalət Nicatın 50 illik yubileyi və yeni nəşr olunmuş “Sözüm üşüyür” adlı şeirlər kitabının imza günü münasibətilə tədbir keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki,
gecəni giriş sözü ilə Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq Ədalət Nicatın ömür və yaradıcılıq yolundan söz açıb, yubilyarı təbrik edib.
Daha sonra yazıçı-dramaturq Əyyub Qiyas, professor Vaqif Yusifli, filologiya elmləri doktoru, BSU-nun professoru Rüstəm Kamal, XAQANİ Poeziya Evinin direktoru, şairə Aybəniz Əliyar, şair-publisist Sevinc Məmmədova çıxış edərək Ədalət Nicatın yaradıcılığı haqqında fikirlərini bildirib, şairi təbrik edərək xoş arzularını çatdırıblar.
Şairin dostları Ayaz Arabaçı, Həmid Ormanlı, Zirəddin Qafarlı, Nadir Azayoğlu, Əli Nəcəfxanlı, Xan Rəsuloğlu, Süleyman Sərraf, Elvin Əlizadə, Şəfaqət Ağayeva çıxış edərək qələm dostlarına yubileyi münasibətilə ürək sözlərini çatdırıblar.
Gənc aşıqlardan Anar və Seymur Laçınlı yubilyarı saz havaları ilə təbrik edib.