rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Sol çiçək, sağ da çiçək,
Açılıb bağda çiçək,
Mən aranda gəzirdim,
Bitibdi dağda çiçək.
Dağda gülün xətrinə,
Batdım gülab ətrinə.

Dağ çiçək, aran çiçək,
Baxırsan hər yan çiçək,
Görsə də günəş görsün,
Görməsin boran çiçək.
Üzü günəşə çiçək,
Düz çiçək, meşə çiçək.

Yol çiçək, döngə çiçək,
Kol çiçək, tingə çiçək,
Bir balaca şiv əkdim,
Yetirdi çəngə çiçək.
Çiçəyim çəngə-çəngə,
Azdısa, bir də dön gəl.

Un çiçək, unca çiçək,
Açıbdı yonca çiçək,
Eyvana bir gül əkdim,
Yetirdi onca çiçək.
Çiçəyim undu-undu,
Əlimə unu qondu.

Yun çiçək, yunca çiçək,
İncədən-incə çiçək,
Dolaşdım dörd bir yanı,
Görmədim bunca çiçək.
Çiçəyim yundu-yundu,
Yağış yağdı, yuyundu.

Tər çiçək, tərcə çiçək,
Düzülüb cərgə çiçək,
Yar bağa gəlib deyin,
Açılıb hərcə çiçək.
Çiçəyim tərcə-tərcə,
Gəlsən, bir dəstə dər, gəl.

Lək çiçək, kərdi çiçək,
Gör, neçə vərdi çiçək,
Sinəmi bağ eylədim,
Yar gəldi, dərdi çiçək.
Çiçəyim kərdi-kərdi,
Açsa, Arazdı, Kürdü.

Bar çiçək, var da çiçək,
Açıbdı nar da çiçək,
Təbiətdə gücə bax,
Bitirib qarda çiçək.
Çiçəyim qardı-qardı,
Günəş gəldi, qopardı.

Ağ çiçək, ağca çiçək,
Bağ çiçək, bağça çiçək,
Gəzdim söz xəzinəmi,
Dərdim bir boğça çiçək,
Dostum, bir gəl bağçama,
Qonaq ol söz boğçama.