EVİM, EŞİYİM OI
Qoyma məni evsiz qalım,
Həsrətə, hicrana dalım,
Ay gözəlim, qadan alım,
Sən gəl evim-eşiyim ol.
İzin olum yollarında,
Mənə gəlsin yolların da.
Ömür boyu qollarında,
Mən uyuyum, beşıyım ol.
Saxla məni ürəyində,
Mənlə vursun ürəyin də.
Yaşadıqca ürəyimdə,
Həm daxilim, eşiyim ol.
Gözüm dikilsin gözünə,
Ürəkdən gələn sözünə.
Bərk qucaqla, sıx özünə,
Qoruyucum, keşiyim ol.
Şaxələnsin belə sevgi,
Dastan olsun elə sevgi.
Yaşadıqca elə sev ki,
Son məhəbbət beşiyim ol.
21.10.2015
YAĞIŞ
Bu səhərin yağış yağan üzüylə,
Dərd gətirən, damla dəyən özüylə.
Küləklərin vıyıldayan sözüylə,
Yağ ey yağış, bu səhərdə ömrümə.
Qara bulud alır başın üstünü,
Od vurmamış qaldıracaq tüstünü.
Ürəyimdə hiss edirəm istini,
Yağ ey yağış, bu səhərin ömrü nə?
Əl uzadıb göydən damla dilənir,
Sənsizliklər misqal-misqal ələnir.
Yer də göy də yağış, sənə güvənir,
Yağ ey yağış, bu səhərin omrünə.
20.10.2015
ZALIM DÜNYA
De hayana qaçım ay zalım dünya,
Dərəmi, təpəmi, de üzə çıxar?
Qorxu da əcələ sahib çıxmayar,
Yollarda palçığı lap dizə çıxar.
Üz verib astarın istəyir indi,
Bilinmir ki, nədi istəyi, indi.
Limanda gəmilər tək istəyindi,
Ucaldar yelkənin dənizə çıxar.
Yansa cayır-cayır söndürmə onu,
Qaldırıb göylərə, endirmə onu.
Utanar, danışmaz, dindirmə onu,
Nə vaxtsa səninlə üz-üzə çıxar.
Dərd kök atan ürəyindən qan damar,
Üzə çıxan hər nə varsa, qanda var.
Kökü bəlli olmayanda qan, damar,
Baxarsan ki, gəlib göz-gözə çıxar.
20.10.2015