“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

* * *
burax, əllərində ölsün qırışlar,
çərçivə olmasın baxışlarına,
mənə çoxdan “xala” deyir uşaqlar,
nə tez “nənə” oldun, ay naxış anam?!

Mən elə bilirdim,
qocala bilməz
mən boyda “körpəsi” olan bir qadın.
Daha günlərimdən borc ala bilməz,
“olmazlar”,
Dilimdə təkbirdi adın.

burax, qoy qocalsın “Sabir küçəsi”
heç kimin ilk sevda qəsri olmasın
“saçımda ağ kağızın boz kölgəsi
-demişdin,
o kölgə heç canlanmasın.

burax, dizlərində kükrəsin zaman,
burax, at oynatsın sevinc üzündə.
mən sənin dizinə qısılıb yatan
“körpənəm”
qalmışam şeir düzündə.

əllərim açılır dörd bir tərəfə-
mən bütün dinlərin bidətçisiyəm,
duam himn kimi
“Laylay, bənövşəm
Lilitin sonuncu lənətçisiyəm.

sən nə tez yenildin ağrılarına?
nə tez zəfər himni çaldı “can hayı”?
sən nə tez qocaldın, ay naxış anam?
hələ cücərməyib candan can payım.

* * *
Bağışla, bilmədim elə gün gələr,
Sevgi zirvəsinə çıxan yıxılar.
Niyə bircə dəfə gerçəyə dönmür,
O sənli yuxular, sənli yuxular.

Bağışla, sevmişəm sevənlər kimi,
Kitabsız, ünvansız, qayda-qanunsuz.
Mən Əsli olmadım, Xan Kərəm kimi,
Alışdım oduna atəşsiz, odsuz.

Bağışla, nə edim, əlimdə deyil,
Hər gecə röyama mehman olursan.
Ağlım yaddan çıxar, unut, at deyir,
Axı ürəyimdəsən, unudulmazsan.

* * *
Səndən qalan xatirəndə,
Bir sevginin yası vardır.
Hey ağlayan gözlərimdə,
Nakamlığın adı vardır.

Səndən qalan yuxularda,
Sənsizliyin kabusu var.
Sənsiz gələn sabahlarda,
Həsrətinin qoxusu var.

Dünyan qalıb mənə sənsiz,
Atmosferi hicran dolu.
Şəhərləri sənsiz, səssiz,
Hər yolu bir ölüm yolu.

Addımlaram bu yolları,
Səndən qalan arzularla.
Yaşayaram çox illəri,
Səndən qalan xəyallarla.

Bir həyatın qəm-kədəri.
Səndən qalan tək xatirə,
Yazıq qəlbin ümidləri.
Yazıq oldu arzular da,

Mənim səni sevməyimdə.
Küsüb getdi vüsalın da,
Səndən qalan xatirəndə.
Heç demədim öləcək bu,

Heç demədim öləcək bu,
Hicranın əliylə bir gün.
Yanan qəlbin közü, odu,
Sönər göz yaşıyla bir gün.

Səndən qalan bir xatirə,
Bir həyatın qəm-kədəri.
Səndən qalan tək xatirə,
Yazıq qəlbin ümidləri.

* * *
Bəlkə bir gün qarşılaşsaq…
Yanağımdan iki gilə yaş axar,
Biri sənin, biri mənim adımda.
Gözlərim dirənib yerlərə baxar,
Bir daha qalmasın sənin yadında.

Ürəyim yenə də susar, danışmaz,
Küskün kədərlərə məkanlıq eylər.
Sənin yoxluğuna yenə alışmaz,
Amma, sənsizlikdə sultanlıq eylər.

Nə səndən əl açıb sevgi istəyər,
Nə də üz döndərib get deyəmmərəm.
Sadəcə könlümün başı göynəyər,
Bircə kəlmə sənə söz deyəmmərəm.

Bir gün qarşılaşsaq…Yenə ümidlər,
Boy atar, cücərər, saralar, solar.
Bir gün qarşılaşsaq… Eh, nələr, nələr,
Dəli könül daha nələr arzular.

* * *
Səhərim adınla başladı gülüm,
Axşama çox qalıb, bəlkə görüşdük.
Ülvi istəkləri qılınc eyləyib,
Dan sökülənədək yenə döyüşdük.

Sən öz dünyanın sərkərdəsisən,
Mən də göz yaşlarımın şahzadəsiyəm.
Sən neçə ürəyin İskəndərisən,
Mən sənin qəlbinin Nüşabəsiyəm.

Yenəcəm sevgimlə fatehliyini,
Qarşımda öləcək cəlladlığın da.
“İskəndər yenilməz, yenər” sehrini,
Alacam əlindən Şəfalığımla…

SEVGİMİN COĞRAFİYA DƏRSİ

İtmiş bir məhəbbət adalarıydı,
Ömür xəritəmdə sənli cizgilər.
Ya da, yad əlindən dad-amanıydı…
Hardasa duyulmaz bir harayıydı,
Toydan bir gün sonra sınan güzgülər.

Nə yaman, nə yaman həsrətin varmış,
İzlər addım-addım hara getsəm mən.
Sənə gedən yollar nə yaman darmış…
Uzaqda olmağın demə yaşatmış,
Yoxsa mən küsərdim ömürdən, gündən.

Sən uzaq…Çox uzaq coğrafi bir kəşf,
Adasan, körfəzsən, dənizsən, nəsən?
Bəlkə savannalar, tropik meşə?
Bəlkə də zərif, incə bənövşə…
Ya bəlkə, quruca bir səhrasan sən?!

AYRILIQ ÖLÜM DEYİL Kİ…

“Ayrılıq ölüm deyil ki…”
-deyib də getməyə nə var…
Bax, o qaraçı deyir ki:
-Yollara gülməyə nə var…

İzlərinlə naxışlanmır,
Cığırlar yiyəsiz qalıb.
Gicitkənlər ovxalanmır,
Quzuqulağı qocalıb…

O kənd bir başqa darıxıb…
O kənd bizi axtarırmış…
Dağlar kənd yoluna baxıb
Dərə boyu ağlayırmş…

Fikrin varmı, kiriyərmi
BİZi görsə o dağ kəndi?
Həyasından əriyərmi
Aramızda həsrət bəndi?

***
hər bazarertəsi tənha ağaclar
sevinir duyanda gülüşlərini…
o boz göyərçinlər, ala qarğalar
sevdirir Tanrının əl işlərini…

səninlə açılan hər səhər yaşıl,
yerişin yaraşır bütün yollara…
nə olsun xəyalın sərhədlər aşır?!
mənimçün uzaqdı ikicə dalan…

hərdən ürəyimə sığmır iş vaxtın-
sonsuzluq simvolu o səkkiz saat…
sənə xatir yaşayıram həyatı…
açıram zəngini, zamanı uzat…