Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Deyirlər bu gün şair günüdü
Deyirlər ki, bu gün şair günüdü,
Şairlərin hansı günü yoxdu ki?!
Əzab, həsrət, hicran, bir də qəm yükü,
Şairin yemidi, şair toxdu ki?!
Əynində vətənin şəhid köynəyi,
Gözündə kədərin dənizi yatir.
Hər gün xırda-xırda artır göynəyi,
Şairin dərd yükü göylərə çatır.
Şairə gün verib, gün ayırmayın,
Şairə pay verin, qüssədən-qəmdən.
Bütün dərdinizi şələ eyləyib,
Asın şairlərin çiyinlərindən.
Şairin sinəsi bülbül qəfəsi,
Orda fəğana bax, orda aha bax.
Dağı da əridir onun naləsi,
Qəfəsi ərimir, bir günaha bax?!
Pənahı haqq olub, haqqa arxadır,
Göydə Allahı var, yerdə sözü var.
Sözüylə baş qatıb özün toxdadır,
Şairlərin başqa nədə gözü var?”
Arzusu kəm olub, gözündə oynar,
Yanıltmaz haqqını, inamı iti.
Ağlında, sözündə, çağlayıb qaynar,
Qəlbindən tökülüb düşən ümidi.
Şair dərd bükümü, bilinməyən sədd,
Şairin bəxtində gecələr zaman.
Siz ona gün verib, işıq vermiyin,
Asın şairləri dar ağacından.
İllərin o tayı gözləyir məni
Bahar deyə-deyə dolaşdı dilim,
Qışın buz köksünə sancıldı əlim,
Bəxt da qar tutarmış, daha nə bilim….
İllərin o tayı gözləyir məni.
Dağlar əl eylədi, duman gəl dedi,
Həsrət yollarımda mənə dil dedi,
Eşqim yaşa dedi, baxtım öl dedi,
İllərin o tayı gözləyir məni.
Neyləyim bu qəlbi sərxoş dünyaya,
Məni məst eyləyib saldı sevdaya,
Sirdaşım, həmdəmim oldu daş, qaya,
İllərin o tayı gözləyir məni.
Xəyallar başına yığıl ha yığıl,
Dərdlərin əlində olmuşam nağıl,
Məni yaşatmadın a dünya dağıl,
İllərin o tayı gözləyir məni.