mm

DÜNYA DÜŞÜNCƏLƏRİ

Həyat öz ahənginə,
İnsanı uzlaşdırır.
Mənasız yaşayanlar.
Onu ucuzlaşdırır.

Heç kəsin amanı yox.
Sabahı gözləməyə.
Təkcə ümid qalıbdır,
Ötəni özləməyə.

Həyatın qiyməti var,–
Bədəli ömür-gündür.
İnsan günahlarıyla,
Bu dünyaya sürgündür.

Bütövlər parçalanır,
Zərrələr azman olur.
Dəryalar sısqalaşır,
Damlalar ümmün olur.

Vaxt olur ki, sanırsan,
Nəbzi durub zamanın.
Möcüzələr gözündə,
Adiləşir insanın.

Bəzən bir gilə nurdan,
Qəlbin, gözün isinir.
Bəzən də sanırsan ki,
Günəşdən zülmət enir.

Görünən kimi deyil,
Dünya ömrün qəmidir.
Bu həyat hər bir kəsin,
Öz gördüyü kimidir.

“Heyrət ey büt”- dedilər,
Həyatı dərk edənlər.
Arxasınca boylanma,
Geri dönməz gedənlər.

Zaman ömrün qayçısı,
Illər naşı dərzidir.
Bəxtə biçilən ömür,
Hər kəsin öz tərzidir.

GƏLDİ

O gün ki , dünyaya göz açdı insan,
Kim kefə , kim də ki , əzaba gəldi.
Kim çıxdı Allahın , haqqın yolundan,
O da ilahidən qəzəbə gəldi.

Saydığım üç şeydən qorun dünyada:
Qoyma ləkələnsin arın dünyada,
Qudurma artsa da varın dünyada,
Bir də ki , sədəlik hesaba gəldi.

Səni yaradanın duy varlığını,
Etmə nadanlıqla zay varlığını,
Dərk elə bəşərə pay varlığını,
Abrımız , həyamız hicaba gəldi.

Bizə yol verənin yolu nur seli,
Ən əziz bəndəsi , qulu nur seli,
Göylərdən süzülən ulu nur seli,
Əmriylə müqəddəs kitaba gəldi.

Sevincin , ələmin övlalarıyıq,
Görünən aləmin övlalarıyıq,
Həvvanın , Adəmin övlalarıyıq,
Hamı bir birinə əsaba gəldi.