12584137_533420616825212_752487860_n

ÜRƏYİMİ ALIBDI

Əllərimdə ətirinin qoxusu,
Saçlarımda sığalların qalıbdı.
Xəyalımda gecələrin yuxusu,
Ürəyimi sənin adın alıbdı.

Baxışında məhəbbətin nidası,
Dodağında sevgimizin sədası.
Harda olsam canım-gözüm, qadası,
Ürəyimi sənin adın alıbdı.

Yaşadığım bu saatı, zamanı,
Səndə tapır xoşbəxtliyi, gümanı.
Dağlarımı nəfəsinin dumanı,
Ürəyimi sənin adın alıbdı.

Gülüm sənsən dərdlərimin çarası,
Yaşadıqca qəlbim sənlə qalası,
Yanağımı gözlərinin qarası,
Ürəyimi sənin adın alıbdı.

03.02.2016

ÜRƏYİMDƏ ATLANIR

Dəsmalını götür gəl,
Sinəmdən qanlar axır.
Nəfəsini duymasam,
Qanım da laxtalanır.

Düşmə sinə dağından,
Getmə lalə bağından.
Sənsiz hər budağından,
Göz damlası sallanır.

Uzaqda, yaxında da,
Azında, çoxunda da.
Xəyalım yuxumda da,
Hər gün sənə yollanır.

Misra-misra yazıldın,
Sol tərəfə qazıldın.
Canım alan nazındı,
Ürəyimdə atlanır.

02.02.2016