Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri
Bakı şəhərində doğulmuş, Əslən Qazaxın Birinci Şıxlı kəndindən olan, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Davud Taryel oğlu Qurbanovun ölməz xatirəsinə ithaf edirəm.
Böyük elə böyükdür, heç zaman kiçiləmməz,
Mərdə namərd körpüsü yoxluqdur, keçiləmməz
Yetişməsə sünbüllər zəmilər biçiləmməz,
Hər şeyin öz vədəsi, hər şeyin zamanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Davud lap uşaqlıqdan vurğun idi bayrağa,
Qəlbində məhəbbəti tükənməzdi torpağa,
Necə xoşbəxt olardı gedən zaman Qazaxa,
Bu yurd necə gözəldi, meşəsi, ormanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Bakıda doğulmuşdu, burda təhsil almışdı,
Uşaqlıqdan mehrini kitablara salmışdı
Neçə- neçə təşəkkür, tərifnamə almışdı
Hələ də saxlanılan üç fəxri fərmanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Orta məktəbi Davud əlalarla bitirdi,
ADNSU-ya uğurla, yüsək bal ilə girdi.
Ali məktəb də ona bol-bol sevinc gətirdi
Bu təhsil ocağının şöhrəti var, şanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Nə qədər arzular var, necə muraz var qəlbdə,
Yalnız beşlə oxudu Davud ali məktəbdə,
Çoxuna nümunəydi həm dərsdə, həm ədəbdə,
Hamı görürdü onu necə də ərkanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Oxudu həvəs ilə, mükəmməl təhsil aldı
Uğurla o, magistr pilləsinə ucaldı,
Dedi, – Diplom almışam, hərbi xidmətim qaldl,
Hər oğul bir əsgərdi, hər kimdə türk qanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Əsgər oldu, Vətənə qürurla xidmət etdi,
Ən çətin tapşırığa “Oldu!” deyərərək getdi,
Günlər ötdü, ay keçdi, gözlənilən vaxt yetdi,
Başladı müharibə, indi hərb meydanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Gizlədə bilməyirdi yağıya nifrətini,
Düşmənlərə göstərdi əzmini, qeyrətini,
İçərək Madagizdə şəhidlik şərbətini,
Fəxr eylədi son anda, can Azərbaycanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
Soysuzlar uydurmuşdu neçə yalan nağıllar,
Elə peşiman oldu, elə öldü yağılar,
Heç zaman unudulmaz candan keçən oğullar,
Onların qəlbimizdə əbədi ünvanı var,
Millətin Davud kimi ölməz qəhrəmanı var.
08.11.2023.