YIXILDI…
Fərq eləməz-ya kişi ol,ya qadın,
insan ömrü bir uydurma nağıldı,
nə zaman ki,zarafata başladın;
hesab et ki,baxtın evi yıxıldı!
Bəxtəvərsən–sevə bilsə elatın,
eşidilsə içindəki bayatın,
binəvayla peyvənd olsa həyatın,
ucaltdığın “Taxtın” evi yıxıldı.
İnsan olmaq həm çətindir,həm asan,
elə ömr et el-obanın olasan,
bir əzazil şahlar-şahı yaransan,
yarandığın vaxtın evi yıxıldı!
Zülmətin də yönü olar sabaha,
el bazarı gah ucuzluq,gah baha,
Vahid ƏZİZ,şərik çəxan Allaha,
viran oldu,baxdın?-evi yıxıldı…
20,08,2020.
HANSIDI?
Gizli qalar sevən qəlbdə arzular,
görən-könlü hansı səmtə yansıdı?
Hər çiçəyin öz sevimli ətri var,
bu gözəlin bəyəndiyi hansıdı?
Eşitmişəm; onnan-bunnan soruşar,
dilə nə var?-hərə bir söz danışar,
son zamanlar yuxum tez-tez qarışar,
hardan bilim-öyrəndiyi hansıdı?
Bağa saldı; nə becərib,nə dərim?
Məcnun kimi nə yurdum var,nə yerim,
nəfəsində həm də mənim qəhərim,
boğazına dirəndiyi hansıdı?
Öz dəyişməz axarı var hər çayın,
görünməyi,batmağı var hər Ayın,
kimi baxta,kimi “Taxta” arxayın-
bu ülkərin güvəndiyi hansıdı?
İman etsin!-dözümün də sonu var,
səbirin də bir gün sınan anı var!
həm ipəkdən,həm alovdan donu var-
bu görüşə geyindiyi hansıdı?
Tez yayınar dayananda göz-gözə,
gah kül olar,gah da dönər can közə,
getməyinə şad olduğu mənəmsə,
gəlməyinə sevindiyi hansıdı?…
18,,08,2020.