ÇƏKƏ-ÇƏKƏ…

Qazanmazsan imdadını

zülm önündə çökə-çökə,

yaralandım yar adını

qarasına çəkə-çəkə,

Aramız çətin düzələr;

bəyaz etdi ağır illər

əllərini qara tellər

arasına çəkə-çəkə,

Uzaqlaş–varsa hünərin,

qaçmağa yetsə təpərin,

yar oynadar sevənlərin

sırasına çəkə-çəkə,

Atıb başının daşını,

yar bitirər savaşını,

məlhəm bilər göz yaşını

yarasına çəkə-çəkə…

20,08,2020.

DANIŞMA…

And içərək yalvarmaqdan yoruldum-

bir yanlışlıq bəla oldu başıma,

elə bilər;”özgəsinə vuruldun…”,

yar yanında incə beldən danışma.

Heç olarsan ümid səni qıranda,

nələr yoxmuş məhəbbətlər barında?!

qulağı var leysanın da,qarın da;

gileylənib sudan,seldən danışma.

Hərdən könül cuşa gəlib çağlayar,

şəkillrim gəncliyimi saxlayar,

körpə kimi için-için ağlayar-

ağ birçəyə qara teldən danışma.

Qismət buymuş–nə qınayım Fələyi?

təskinlikçün uydurublar gileyi,

ona bağlı yelkənlərin taleyi-

“Səmum” adlı qara yeldən danışma.

Vaxt zalımdır–çox yaşadıb bel bükər,

boş ümidə uzanan qol əl bükər,

küyə getsə–həm dağıdar,həm tikər;

Vahıd ƏZİZ,bizim eldən danışma…

20,08,2020.