BİR DƏRƏNİN ADAMLARI…

Bir zamanlar biz hamımız

bir bədənin damarları,

yad olanlar deyərdilər:

“Bir Dərənin adamları”.

Biz hamımız sözü bütöy,

körpəsi kür,əxlaqı dürr,

birgə keçən axşamları,sabahları-

bir Dərənin adamları.

Çörəyimiz halal idi;

fərq etməzdi-yağlı,yavan,

sayqılıydı bir-birinə qoca,cavan,

hamısının bu cür idi ünvanları:

“Bir Dərənin adamlar.”.

Hər birimiz adam kimi

saymaqdaydıq saymalını,

calaq vurub,peyvənd edib

adam etdik zay olanı.

Orda hər şey düz olurdu,

bir-birinə göz olurdu

pəncərənin adamları.

Dərəmizin ormanları,

gül-çiçəyi dərmanları,

çeşmələri,çayı vardı,

Dan ulduzu sönməmişdən ayılardı,

bir adət də bu idi ki,

bir-biriynən qohum olub-

qız verərdi,qız alardı

bir Dərənin adamları.

Fərq olmazdı dəyirmanda;

“sənin dənin,mənim dənim”,

nə biçində,nə xırmanda

ləj düşməzdi nə igidlər,

nə qız-gəlin.

İndi hamı pərən-pərən,

diyar-diyar dağılsaq da

o Dərədən,

dəyişməyin, “O Dərəli” qalın barı,

o Dərənin adamları…

A BİÇİNÇİ…

A biçinçi,Allaha bax-

ləçəklərdən şəbnəm iç,

kərəntini qoy qırağa-

güllər solsun,sonra biç.

Kərəntini qoy qırağa,

hər güldə bir arzu var,

nəzər yetir yarpaqlara-

gör bir nə cür yalvarar?

Dəymə gülə;pətəklərin

arıları bal gəzir,

son bahara nə qalır ki?

çiskin,duman yol kəsir.

A biçinçi,dan yeri də

qəhərlənir səhərlər,

yoxa çıxdı bənəvşələr,

solub getdi lalələr.

A biçinçi,dərdləş hələ

çiçəklə sən,güllə sən;

çəmənlərin çiçəkləri

soluxanda biçərsən…

10,08,2020.