Yaxın günlərdə Azərbaycanda şəffaf və səmərəli fəaliyyəti ilə seçilən araşdırma saytı “Doqquz.az”ın təqdim etdiyi, məktəblilər arasında keçirilən “Azərbaycanın tarixi şəxsiyyətləri” mövzusunda esse müsabiqəsi başa çatmışdır.
Qeyd etmək lazımdır ki, bu cür müsabiqələr şagirdlərin əqli və potensial imkanlarını aşkara çıxarmaqla yanaşı, onların yaradıcılıq və yazı qabiliyyətlərini də inkişaf etdirir. Hər hansı bir müsabiqə keçirilərkən hər şeydən əvvəl onun şərtləri açıqlanmalıdır. Qeyd olunan şərtlər əsasında redaksiyaya göndərilən materiallar daha şəffaf seçim əsasında və meyarlara uyğun qiymətləndirilər. Şagirdlər arasında təşkil olunan “Azərbaycanın tarixi şəxsiyyətləri” mövzusunda esse müsabiqəsi bu baxımdan təqdirəlayiqdir. Respublikanın müxtəlif regionlarından yarışmaya qatılan şagirdlər adı çəkilən sahədə yazı bacarıqlarını, eləcə də ölkəmizin tarixi və mədəniyyətinə nə dərəcədə sahib olduqlarını nümayiş etdirmişlər.
Esse yazmaq şagirdin yazı bacarıqlarından, mövzuya bələdlik dərəcəsindən və yaradıcılıq təxəyyülündən ibarətdir. Esse yazan zaman nəzərə alınmalı nüanslar və meyarlar vardır ki, bunlara mütləq əməl olunmalıdır.
Gəlin hər şeydən öncə essenin əsas əlamətlərinin nədən ibarət olduğuna nəzər salaq. Mövzu və məna baxımından düzgün yazılmış bir esse 1) kiçik həcmli, 2) konkret, 3) kompozisiya baxımından sərbəst və 4) üslubi cəhətdən aydın olmalıdır. Bundan başqa esse yazarkən onun sujet xəttinin gözlənilməsi, fikir aydınlığı və s. gözlənilməlidir. Esse giriş, əsas hissə və yekundan ibarət olur və onu yoxlamaq üçün meyarlar vardır. Bu meyarlar aşağıdakılardır:
1) Mövzunun mahiyyətinin başa düşülməsi və onun açılmasının tamlığı;
2) Fikrin faktlara, mənbələrə əsaslanaraq aydın mühakimələrlə verilməsi və inandırıcılığı;
3) Terminlərdən, faktlardan düzgün istifadə olunması;
4) Mühakimələrin aydınlığı və zidiyyətin olmaması;
5) Fikirlərin ardıcıllığı.
Yuxarıda qeyd olunan meyarlar nəzərə alınaraq yazılan esse düzgün yazı qaydalarının gözlənildiyi və əhatəli yazı olacaqdır. Bunlarla yanaşı, orfoqrafiya qaydalarının gözlənilməsi də essenin yazılması zamanı nəzərə alınması vacib olan nüanslardandır.
“Azərbaycanın tarixi şəxsiyyətləri” mövzusunda esse müsabiqəsinə göndərilən esselər maraqlı və yaradıcılıq baxımından seçilən yazı nümunələri idi. Uşaqların esse müsabiqəsinə göstədikləri həvəs diqqətəlayiqdir. Lakin bu tipli yazı nümunələri yazılmamışdan öncə yaxşı olar ki, şagirdlər müəllimləri ilə məsləhətləşsinlər. Nədənsə tarixi şəxsiyyət dedikdə şagirdlər ancaq hökmdar, hərbçi və s. bu kimi insanları yada salırlar. Halbuki Azərbaycan xalqı öz qədim mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə seçilən öndər bir xalqdır. Şagirdlərimizə tarixi şəxsiyyət məhfumu düzgün aydınlaşdırılmır. Tarixi şəxsiyyətlərdən yazarkən musiqi tariximizdə, ədəbiyyatımızda, incəsənətimizdə böyük rol oynamış şəxsləri mütləq işıqlandırmaq lazımdır. Zərdüştdən, Dədə Qorquddan, dahi Üzeyirdən, Qara Qarayevdən, Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, Səttar Bəhlulzadədən və s. (siyahını istənilən qədər uzatmaq olar) bəhs edən bir esse qarşımıza çıxmadı.
Bütün bunlarla yanaşı, şagirdlərin bu sahədə göstərdikləri marağı və diqqəti alqışlayır, onların hər birinin ziyalı alnından öpürəm. Bizim bizdən sonrakı sabahımız olan balalarımız! Gələcəyiniz ürəyiniz qədər təmiz və aydın olsun! Hər birinizə uğurlar arzulayıram!
Müsabiqəyə təqdim olunan bütün esselər təqdirəlayiqdir. Şagirdlərin yarışmaya qatılmaq cəhdi alqışlanası haldır və biz də yarışmada iştirak edən bütün şagirdləri alqışlayırıq. Yarışmaya təqdim edilən 30-dan artıq esse arasından münsiflər heyətində təmsil olunan mütəxəssislərin tövsiyəsi ilə beşini fərqləndirə bildik. Yuxarıda sadaladığımız prinsiplər əsasında fərqlənən həmin 5 esseni yarışmadan öncə söz verdiyimiz kimi Doqquz.az saytının diqqətli oxucularına təqdim edirik.
Kazımova Şəfa
Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutunun böyük elmi işçisi