Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Məni bir az fağır saxla , ilahi,
Boyum çatmır səsim çatan yerə ki.
Sözlərimi ağır saxla, ilahi,
Ağır olub hər qapıdan girə ki…
Yerin, göyün yiyəsi bildim səni,
Yerdə, göydə səbrin yiyəsisənmiş.
Heç baxmırsan nələr olur dünyanda,
Dünyanın yox, qəbrin yiyəsisənmiş.
Göy üzündən yaxşı görünmürmü yer?
Bir yerə düş, yeri tanıdım sənə.
Ölüsündən xəbərin var, bilirəm,
İnsanlari diri tanıdım sənə.
Gözümüzün içi sudu, üzü nəm,
Boğuluruq, yaxşılara qayıq ol.
Seçmək olmur əyrisini düzünnən,
Birdən sən də aldanarsan, ayıq ol.