12122427_108516779508126_2349578269234498796_n

AŞİQEM ÖLÜMƏ…

Bir gün yumub gözlərimi,
Aldadacam ölümü də.
Özümü sözümdən asıb,
Çəkəcəm bu zülümü də.

Sığa bilmirəm, incimə
Nə heçimə, nə köçümə.
Od vuracam öz içimə,
İsidəcəm çölümü də.

Ömür film- dərdli, sərli,
Yaşamaq da olmur fərli.
Qaçıracam ən dəyərli,
Ən maraqlı bölümü də.

Düşüb, “ölüm”ün izinə,
Aşiq edəcəm özümə.
Son dəfə baxıb gözünə,
Bağlayacam dilimi də.

Ömür adlı yuxusundan,
Həsrət adlı qoxusundan,
Bu dünyanın yaxasından,
Çəkəcəyəm əlimi də…

ÖZÜM GEDİM…

Daha baxmayım gözünə,
Əllərimi uzaq tutum əllərindən.
Nə olub ay gecə gözlum?..
Sual etsən,
Küsüm gedim…

Tək kəlmədə söyləməyim,
Lap lal-dinməz olub qalım.
Bir şeir de…pıçıldasan
Dodagımı
Büzüm gedim…

Gəlim gecə yuxulara,
Əzizləyim hər telini..
Göz yaşımı
Bir-birini bərk-bərk qucan
Kipriyinə
Düzüm, gedim….

Mənim oldun, olmadınmı?
Qəhərlənib dolmadınmı?
Çiçək kimi solmadınmı?
Təkcə bunu
Çözüm, gedim…

Baxışınla,
Sən get demə…
Sus, dillənmə
Özüm gedim…

KİMSƏ BİLMƏYƏ. …

Qismətinə için-için,
Güləsən,kımsə bilməyə….

Elçin Mirzəbəyli….

Bir ayrılıq mahnısına,
Süzəsən, kimsə bilməyə.
Yola salıb sevdiyini,
Küsəsən, kimsə bilməyə.

Yolları izsiz keçəsən,
Qəm içındən qəm seçəsən.
Güzgüdən şor, gör necəsən,
Necəsən, kimsə bilməyə.

Tellər qıvrıla yanaqda,
Əlin quruya dodaqda.
Sakit, qaranlıq otaqda,
Öləsən, kimsə bilməyə….