(Ustad şair Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” şeirinə nəzirə.)

Tanrı ol deyərsə, daş da göyərər.
Gözlərdən süzülən yaş da göyərər.
Baharda göyərən, qışda göyərər.
Bu dünyanın qara daşı göyərər.

Olmazla getməsək, ol ilə getsək.
Sağı boş buraxsaq, sol ilə getsək.
Tanrı buyurduğu yol ilə getsək.
Bu dünyanın qara daşı göyərər.

Hamı namaz qılsa, ibadət etsə.
Mömünlər Kəbəni ziyarət etsə.
Bəşər haqq yolunda şəhadət etsə.
Bu dünyanın qara daşı göyərər.

Hələ çox göyərər o cığır, o iz.
Hələ çalxalanar tufanlı dəniz.
Bəlkə sağlığımda, bəlkə də mənsiz.
Bu dünyanın qara daşı göyərər.

Ocaq yanar, o daşlaşan daş qalar.
Ümidini itirməyən baş qalar.
Qiyamətə məsum gözlər yaş qalar.
Bu dünyanın qara daşı göyərər.

Gün gələr məzlumlar daha güləcək.
Yer üzü onu şah, ağa biləcək.
Gün gələr Sahibi Zaman gələcək.
Bu dünyanın qara daşı göyərər.