Knyaz Aslan – 55

Knyaz Aslanın imzasını hələ 90-cı illərin qaynar ədəbi mühitindən, günbəgün sayı artan qəzetlərin səhifələrindən tanıyırdım. Yaxşı şeirlər, publisistik yazılar müəllifi kimi ədəbi gəncliyin xüsusi rəğbətini qazanmışdı. Sonralar Knyaz Aslanın təkcə sanballı qələm sahibi kimi deyil, həm də bir insan kimi sonsuz səmimiyyəti, öhdəsinə düşən hərhansı bir işi yüksək məsuliyyət və canıyananlıqla yerinə yetirməsi, mərdliyi, sözübütövlüyü, milli-mənəvi dəyərlərə sədaqəti və daha neçə-neçə ali insani keyfiyyətləri ilə ədəbi, elmi ectimaiyyətdə böyük nüfuz sahibi olduğunu gördüm. Əmin oldum ki, ziyalılığın çoxsaylı şərtlərindən biri də məhz belə bütöv, bitkin xarakterə malik olmaqdır.
O, çox zəngin həyat və fəaliyyət yolu keçib. Doğulub boya-başa çatdığı Gürcüstan Respublikası Dmanisi rayonunun Hamamlı kəndində orta məktəbini Qızıl medalla bitirməsi bu tərcümeyi halın başlanğıc uğuru kimi diqqəti çəkirsə, bu uğurun yol açdığı daha böyük zəfərlər isə onun alim-şair taleyinin qızıl naxışları tək maraq doğurur. Minə yaxın elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalə, beş monoqrafiya, otuzadək kitab müəllifi, şeirləri rus, ingilis, alman dillərinə tərcümə olunan şair, A.S.Puşkin, M.Y.Lermontov, S.Yesenin, T.Şevçenko və digər sənətkarların əsərlərini dilimizə tərcümə edən istedadlı bir tərcüməçi, ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil edən, milli mədəniyyətimizə, elmimizə başucalığı gətirən, məruzə və çıxışları ilə maraq doğuran, çoxsaylı ödül, fəxri fərman, təşəkkürnamələr və digər təltiflərlə taclanan alim, bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin “ön söz” müəllifi, rəyçisi və redaktoru, tələbələrin sevimlisi olan səriştəli müəllim-pedaqoq kmi Knyaz Aslanın həyat tarixçəsinin uğurları bir-birini əvəz edir.
Milləti üçün gərəkli olmaq, bütün fəaliyyət istiqamətlərində onun işini irəli aparmaq amalına xidmət onun ömür yolunun əsas inkişaf devizi kimi görünür. Knyaz Aslan kimi insanları daim sakitcə gümüldəyən, suyu bitib-tükənməyən dağ bulağına bənzətmək olar. Bu bulağın mənbəyi nə qədər etibarlıdırsa, bütün enerjisini xeyirxah işlərə yönəldən, sağlam əməli fəaliyyətlə məşğul olan belə insanların da ruhi-mənəvi təməli sarsılmazdır, güvənlidir.
O, bütün varlığı ilə Vətəninə, millətinə bağlı bir ziyalıdır. Dəfələrlə Qarabağda döyüş bölgələrində olmuş Knyaz Aslanın Qarabağ müharibəsi iştirakçıları, şəhidləri, qaziləri haqqında çoxsaylı oçerklərində, milli faciələrimizə həsr etdiyi şeirlərində millətin ağrı-acılarına, itkilərinə son dərəcə həssas vətəndaş şair-publisist münasibəti də bundan irəli gəlir.
Abdulla Şaiqin böyük oğlu, ədəbiyyatşünaslıq elmimizin korifeyi akademik Kamal Talıbzadə hər dəfə Knyaz Aslandan söz düşəndə deyirdi: “O, öz işinin knyazıdır.” Sonralar Knyaz Aslanı tanıdıqca, haqqında onu tanıyanların qənaətlərini bir araya gətirdikcə, gördüyü işlərin miqyası, səviyyəsi ilə bağlı konkret fakt və dəlillərə nəzər saldıqca böyük alimimizin həmin fikrinin nə qədər yerində işlədildiyini, bu qənaətin Knyaz Aslanın alim-şair ömrünə yaraşdığını anladım.
Knyaz Aslanın yaradıcılıq fəaliyyəti çoxşaxəlidir. Bəllidir ki, istedadlı şəxslərin uğurlarının mənbəyi elə istedadları olduğu üçün gördükləri bütün işlərdə bu cəhət özünü göstərir. Buna görə də onun bütün sahələrdə xidmətləri layiqli bəhrəsini verib. Bu istiqamətlərin hər biri haqqında ayrıca söz açmaq, bu sahələri tək-tək araşdırma mərkəzinə gətirmək, yaxud ən azı hərəsi barədə bir elmi tədqiqatda və ya publisistik yazıda bəhs etmək olar. Lakin onun şairlik istedadı haqqında söz açmaq istəsəm ilk yadıma düşən Kamal Talıbzadəyə ithaf etdiyi “Bu kişi” şeiri olacaq. Marneuliyə – Sarvan elinə akademik Kamal Talıbzadə ilə birgə səfər etdikləri vaxt yol boyu maşında böyük alimin Səməd Vurğun, Hüseyn Cavid, Mehdi Hüseyn və b. görkəmli söz ustaları haqqında xatirələri, müdrik söhbətləri Knyaz Aslanı necə duyğulandırırsa, həmin şeiri elə maşındaca dizinin üstündə yazıb Kamal müəllimə verir:

Aman Allah, söhbətə bax, sözə bax,
Xatirələr bulağıymış bu kişi.
Səngiməyən atəşə bax, közə bax,
Müqəddəslik ocağıymış bu kişi.
Bir tarixdi hər sözü, hər kəlməsi,
Borçalıdı candan gələn nəğməsi,
Yaddaşında ustadların gur səsi,
Elin qızıl varağıymış bu kişi.

Beş bəndlik şeiri oxuyub heyran qalan Kamal Talıbzadə sonralar tez-tez söz məclislərində bu şeirin yaranma tarixçəsini yada salır, “bu hələ dizüstü yazılan şeiridir” deyə Knyaz Aslanın istedadına inamını, qələminə rəğbətini ifadə edirdi.
İllərlə çalışdığı Xəzər universitetində, Bakı Dövlət Universitetində alim-pedaqoq hörməti isə onun ciddi bir tədqiqatçı və pedaqoq kimi nüfuz qazandığını isbatlayır. Ömrün cəmi əlli beş ilinə bu qədər uğuru sığdırmaq çox az adama nəsib olan xoşbəxtlikdir. Knyaz Aslanın mənalı həyat yolunun zəfər dolu onillikləri isə hələ qarşıdadır. İnanıram ki, bu onilliklər onun milli elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, bütövlükdə Azərbaycançılığımıza çox nailiyyətlər qazandıracaq.

şair-tədqiqatçı,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
president təqaüdçüsü.