BÖYÜDÜM

Qaldım yollar ayrıcında,
Yolumu seçib böyüdüm.
İçimə dolan ağrının
İçindən keçib böyüdüm.

Düşdüm bir qərib həvəsə,
Üz tutdum işığa, səsə,
Çəkdim başa birnəfəsə
Bu eşqi içib böyüdüm.

Girdim həsrətin qoluna,
Daldım ömrün sağ-soluna.
Dərdi geninə-boluna
Boyuma biçib böyüdüm.

Ruhum yüz kərə talandı,
Misralarda daldalandım.
Köksümdə tonqal qalandı,
Yanmadım, bişib böyüdüm.

Rotterdamlı Marion üçün

Buğda sarısı saçları
isladır İzmir yağışı.
Təzə şeir şəkli çəkir
uzaqlardakı baxışı.

Arzuların rənginə bax
mavi gözlərin içində.
Sevgilər yolunu azıb
bu qızın fikir köçündə.

Gizlənib təbəssümündə
yenə də köhnə yorğun qəm.
Özündə dustaq kimidi,
ruhuna dar gəlir aləm.

Köksündə Holland ürəyi,
dilində Türk şeirləri.
İçində cahana sevgi,
duyanı – tək şeirləri.

İzləyir yağış ömrünü,
taleyinə yağış yağmır.
…Rotterdamlı qızın rəsmi
şeirə, tabloya sığmır.

SƏN MƏNƏ OXŞAMA, BALA

İstəkli qardaşım qızı Fidana
Oxşadırlar səni mənə,
Sən mənə oxşama, bala.
Bax başımda duman-çənə,
Sən mənə oxşama, bala.

Gecə-gündüz dərd yeyirəm,
Qəm soyunub dərd geyirəm.
Nə qədər tezdi, deyirəm:
– Sən mənə oxşama, bala.

İçində dözümü gizlət,
Sirrini, sözünü gizlət,
Kədərdən izini gizlət,
Sən mənə oxşama, bala.

Nə sürünən kölgəyə bax,
Nə yıxılıb ayağa qalx.
Alov olub zülməti yax,
Sən mənə oxşama, bala.

Cin-şeytandı sağım, solum,
Qoymurlar ki, özüm olum.
Özünü tap, qurban olum,
Sən mənə oxşama, bala.