Bir neçə il bundan öncə şairə Fərqanə Yusifqızının
eyniadlı kitabına yazılmış ön söz
Poeziya sərhəd tanımır və əslində poeziyada heç mövzu qıtlığı da yoxdur. Bununla belə poeziyanın elə əzəli və əbədi mövzuları vardır ki, bu mövzulara min illərdi ki, butun qələm sahibləri müracət edir və bugün də bu belədir. Vətən sevgisi, yurd-yuva həsrəti, eşq və bu eşqdən doğan vüsalla bərabər iztirab, həsrət, hicran, ayrılıq, həyat və ölüm, kan və məkan, tale-qismət bu qəbildən olan mövzulardandır. Oxucuların görüşünə “Səndən özgə kimim var ki…” kitabı ilə gələn şairə Fərqanə Yusifqızının yaradıcılığının mayasında, qayəsində də əsasən bu mövzular dayanır. Soz adamına qiymət onun yaradıcılığının məna və məzmun yükünə görə verildiyindən mən də bu yazımı:
Hələ yol üstəyəm, səfərim uzaq,
Məni öz yolumdan saxlamaq olmaz.
Çölümdə atəş var, içimdə sazaq,
Məni bu səfərdə haqlamaq olmaz. – deyən şairə Fərqanə Yusifqızının şeirlərinə söykənərək yazmaq qərarına gəldim və əslində bunun başqa yolu da yoxdur.
***
Hamı and içər adına,
Adın mənim andım, Vətən.
Səndən əzəl, səndən əfzəl,
Nə vardısa dandım, Vətən.
Ana müqəddəslik, saflıq, paklıq rəmzidir – vətən kimi. Bəlkə də elə ona görədir ki, vətənə ana vətən deyirik. “Cənnət anaların ayaqları altındadır” deyib peyğəmbərimiz. Yəni, kim anasını əziz, müqəddəs tutsa, ona sayğı və qayğı göstərsə, xidmətində dursa, nazını çəksə özünə cənnətdə yer behləmiş olur. Vətən də elə. Kim vətəni canı, qanı qədər sevirsə, əmin-amaqlıq şəraitində əkib-becərir, yadellilərin hücumna məruz qaldıqlda onun müdafiəsinə qalxırsa, son anda canını belə qurban verərək şəhidlik zirvəsinə yüksəlirsə, yenə də cənnətdə özünə yer ayırmış olur. Budur ANA ilə VƏTƏNin qoşalı xisləti:
…Mən ki sənə əzəl gündən
Həm ruh, həm də candım, vətən…
…Dayaq ol sən bu gün ata-anana,
Tanrı da yardımçı olacaq sənə…
Vətənə sevgi azalanda, vətənin dərdləri çoxalır. Faciələr azalan sevgilərdən başlayır. Bu faciələrdə özümüzün rolu nə qədər çox olarsa, müsibətlərimiz bir o qədər dözülməz, sağalmaz olar:
Qıydılar torpaq-daşına,
Çıxanlar ocaq başına…
Bir təsəllimiz onda olur ki, hələ bu vətən uğrunda can qoymağa, balası kimi başına dolanmağa hazır olanlar və məqamı gələndə bu yolda mücadilə etməyi özlərinin şərəf işi bilirlər var:
Dolandır məni başına,
Qoy mən olum balan, Şuşam!
***
Ömür müvəqqəti, həyat əbədi,
Ölümdür bizlərə baxan qıyqacı.
Fikrimə qəribə bir sual gəldi,
Həyatmı şirindir, ölümmü acı?
Ömrün müvəqqəti olduğunu bilən, bunu bilib də, həyatını buna uyğun quran insanın ölümdən qorxusu olmaz. Ölüm nə qədər qıyqacı baxırsa-baxsın belə. Bu zaman həyatın şirinliyi ilə ölümün acılığı arasındakı fərqi də axtarmğa ehtiyac qalmaz. Çünki həyat – ölümün labüdlüyünü dərk edib, onu sevgi ilə qarşılamağı bacaranlar üçün şirin, ölüm – özündən sonra bir iz qoymayanlar, o dunyaya, mizan-tərəzi məqamına, hesab gününə əliboş gedənlər üçün acıdır.
Dərdlərim sığışmır daha kağıza,
Durub yazacam mən göy üzünə.
Əslində dərd faciə deyil, onu faciəyə çevirmək faciədir. Yer aləmində dərdi bölüşməyə bir kimsə tapılırsa hələ, narahat olmağa dəyməz. Dəhşət dərdi bölüşməyə kimsənin tapılmadığı məqamadan pərvəriş tapır. İnsan yer üzündə özünə həmdəm, həmdərd tapmayanda üzünü göy aləminə tutur, ümid, güvənc, pənah yeri kimi.
Göy üzü təmizlik, saflıq, paklıq məkanıdı. Nurlar aləmidi. Sevgi, mərhəmət, haqq-ədalət, insaniyyət nuru buradan ələnir insanların qəlbinə. Bəlkə də elə, bir yağış donunda:
Yağış yağar, dayanmadan, hey yağar,
Göyün yerə sevgisini bildirər.
Yağış yağar ürəyimə, hey yağar,
Dərd-sərimi damla-damla öldürər.
Qəmin, kədərin, dərdin, ələmin ölüm anından sevincin, sevginin işartıları boy göstərir. Bu zaman illərlə həsrət girdabında çabalayan insan, öz gözləri ilə gördüyünə belə, inanmaq istəmir. Bunun bir qismətmi, alın yazısımı, Tanrı ərməğanımı olduğunu o dəqiqə kəsdirə bilmir. Qəlbinin dərinliyindən sualqarışıq bir nida baş qaldırır:
Tanrımı göndərdi yağış donunda,
Yoxsa günahında yuyunub gəldin?
Sevgi İlahidən bəxş olunmuş ruhi qidadır. Təbii ki, eşq, məhəbbət həyatın bütün dönəmlərində ruhun qidası rolunu oynaya bilmir. Çünki sevgidə, eyni zamanda, bir qoşalıq xilqəti də var. Sənin istəyinə qarşı tərəfdən müsbət impulslar gələndə yaşamaq da, bu yaşam içərisində sevmək də həm ruhani, həm də cismani tələbata çevrilir, sanki insan mələklərin qanadındaymış kimi özünü göyün yeddinci qatinda çox rahat və xoşbəxt hiss edir:
Yoldaşlıq edəcəm bəyaz buluda,
Nəğmələr deyəcəm gecə-gündüzə.
Hətta bu eşq:
Bu dərd qövr eyləyir bağrımda mənim,
Eşqindir əzabım, ağrım da mənim. – məqamına yüksəlsə belə.
***
“Sevgim kövrək bir ağacda qurulan quş yuvasına bənzəyir. Xəfif rüzgara bənddir, uçula bilər, dağıla bilər.
Sevdam qaranlıqda yol gedən yolçuya bənzəyir. Nəhayətsiz yolda uzaqdan közərən bir işığa həsrət qalan, hərdən ətrafa boylanıb ağır-ağır nəfəs alan yolçuya.
Arzularım, məsum körpələrin günəşə sarı yüyürməsi, röyalarında, ayparada yellənməsi, öz kiçicik əlləri ilə dünyanı qucaqlamaq arzusu.
Ümidlərim, çarəsiz bir xəstənin sabaha inamı, quruyan ağacın nə vaxtsa canlanma gümanı…
Sevgimi unut, sevdamı apar, ümidlərimi isə qaytar…
…Qaytar ümidlərimi…”
Bu həzin, kövrək misralar Fərqanə Yusifqızının “Qaytar ümidlərimi” adlı mənsur şeirindəndir. Ümumiyyətlə, Fərqanə xanımın bütün mənsur şeirlərinin dili aydın, rəvan və oxunaqlıdır. Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, Fərqanə Yusifqızı mənsur şeirlərində bir şairə kimi özünü daha yaxşı ifadə edə bilir. Güman edirəm ki, kitabı oxuyandan sonra oxucular da mənim fikrimi təsdiq edəcəklər.
Sonda şairə Fərqanə xanım Yusifqızını “Səndən özgə kimim var ki…” adlı şeirlər kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Rafiq ODAY,
şair-publisist, respublikanın Əməkdar jurnalisti