saqif muellim

* * *

Mən,hamının unutduğu
Bir uçuq komadan betər.
Zalım ,sənin yollarına
Göz dikmişəm axşam-səhər.

Barı bir yol ayaq saxla,
Bircə dəfə qanrılıb bax!
Bir də gördün daş üstündə
Heç daşım da qalmayacaq.

Bircə isti baxışınla
Suya dönər bu buz,bu qar.
Ürəyimin oyuğundan
Bənövşələr baş qaldırar.

Nə olacaq, aldat məni ,
Bircə dəfə yalan danış,
Bəlkə elə ömrümüzü
Uzadacaq bu aldanış.

Eh…nə deyim sənə daha,
Bağışla yoldan elədim,
Gərək dilim quruyaydı,
Bunu sənə niyə dedim?!

* * *

Nə elə mürgülü,nə də oyaqsan;
Uçursan yuxuda əlimdən tutub.
Unutdum özümü”sevirəm” dedim,
Ya da sən söylətdin dilimdən tutub.

Kəsir aramızı qəfil bir bulud,
Qışqırıb deyirsən “ehey,hardasan?!”
Gəzib tapammırıq bir-birimizi,
İslanır göy üzü göz yaşlarından.

Özün öz səsinə oyanıb birdən,
Hıçqıra-hıçqıra qalxıb yuxudan;
Yandırıb işığı,baxıb güzgüyə,
Görürsən yaş axır yanaqlarından…

,,,Nə qədər ağlasan səssiz-səmirsiz,
Tükənməz bu həsrət,bitməz bu acı.
Bəsdir ağladığın!Gecdi,yat daha,
Deyəsən islanıb,çevir balıncı.

Sevsən məni beləcə sev…

Mən gizlicə öz içində əriyən şam,
Tərif üçün bir misra da yazmamışam.
Şahidimdi batan günəş,düşən axşam,
Sevsən məni beləcə sev…

Eh,nə deyim belə doğub anam məni,
Darılmaram çox olsa da danan məni.
Heç olmasa sən qınama,sonam,məni,
Sevsən məni beləcə sev…

“Of” demərəm dağ üstündən çəksən dağı,
Axı,neynim bacarmıram yalvarmağı…
Mən hələ də bir sədəlöv kənd uşağı,
Sevsən məni beləcə sev…

Çoxu kimi dondan dona girəmmədim,
Qəmnən özgə sənə heç nə verəmmədim.
Sənin üçün bircə gül də dərəmmədim…
Sevsən məni beləcə sev…

Eşqdən özgə,sözdən özgə,de,nəyim var?!
Nə bir arxam,nə də elə köməyim var.
Sənin üçün çarpan bircə ürəym var,
Sevsən məni beləcə sev…
Beləcə sev…