saqif muellim

* * *

Bilirəm ki,kədərdən
hər gün göynəyir için.
Bir söz tapa bilmirəm
sənə təsəlli üçün.

Neyləyim,bir az ağla
səni boğanda qəhər.
Mən də sinəmi tutub
dözəcəyəm birtəhər.

İcazə ver yanına
hərdən gəlim…nə olar.
Gözlərinin yaşını
bir yol silim…nə olar.

Sevincimiz,dərdimiz
qarışsın bir-birinə.
Bəlkə axan göz yaşım
təsəlli ola sənə…

Bir Dostuma

Çevirmək istəyirəm
dərdimizi sözə mən.
Bir hürkmüş ceyran kimi
neynim qaçır söz məndən.

Heç bilmirəm bitərmi
könlümüzün nisgili.
Sevincli günümüz də
göy əskiyə bükülü…

Sən dərdini mənə de,
qoy dərdimə tay olsun.
Mənim dərdim- gecədi,
sənin dərdin ay olsun.

Qoy hərdən qoşalaşsın
fikrimizin kəməndi.
Bir az da sən dilə tut,
tora salım bu bəndi.

Heyif,yollar uzaqdı,
orda qəribdi yerin.
Ürəyin üşüyəndə
çək üstünə bu şeri.