1423756700_sefa-xanim

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik, xəbərimiz yox…
Ramiz Rövşən.


Yenə bu şəhərdə üz-üzə gəldik,
Bir-bir boy qaldırdı xatirələr də.
Biz ki ayrılmağı heç istəməzdik,
Bu da bir naxışmış ötən taledə.

Neyləyək, ayrıca şəhərimiz yox,
Hərdənbir üz-üzə gələcəyik biz.
Dilimiz susacaq, baxışımız yox,
Suallar verəcək nəm gözlərimiz.

Bəlkə də biz xoşbəxt ola bilərdik,
Yollar haçalanıb ayrılmasaydı.
Birgə ağlayardıq, birgə gülərdik,
Bizi başqaları paylaşmasaydı.

Bəlkə də xoşbəxtik xəbərimiz yox,
Bir yerdə barıtla od olardıq biz.
Bəlkə bu görüşdən ümid çalacaq,
Yad evdə təsəlli tapan qəlbimiz.

10.11.2012

Əgər…

gülmə…
içindən gəlmirsə,
gülmə!
izn vermə
baxışın yalan danışsın.
saxta təbbəsümlə
aldatma dodağını,
“necəsən?” sualına
cavab vermə.
əgər “yaxşı” deyilsənsə,
yalan deyib
aldatma düşüncələrini…
alışdırma yalana
onsuzda yalan
anlamayan gözlərini.
hüznündən utanma,
əgər içindəki hüzünsə,
yaşa hüznünü!
“başqaları nə deyər?”
desin…
sən neçə insansan ki?
bir ömrü
yaşayasan
başqalarıyçün?!
ağla, əgər bacarırsan
utanma,
ağla!
göz yaşı ən saf sudur
günahları yumaqçün!
Ağla ki, buludların dağılsın,
nə zamandır
susqun qalan
qəlbin boşalsın
sonra onsuzda güləcəksən,
gül,
əgər içindən gəlirsə…

13.12.2013