ens

ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990

Ağlama yaraşmır sənə göz yaşı,
Qurut gözləriyin yaşını, vətən.
Axı qalda gərək igidin başı,
Uca tut əyilməz başını, vətən.

Yamanca ağırmış Vətən, daşımız,
Onu qaldırmağa “dostlar” can çəkir.
Yox, daha oyanıb qan yaddaşımız,
Bizi azadlığa daha qan çəkir.

Zaman dost-düşməni bir-bir tanıdır,
Ölməyir Əsliyçün Kərəmlərimiz.
Sinəmiz Şəhidlər Xiyabanıdır,
Orda dəfn etmişik ərənləri biz.

Yolları uzundur özünü dərkin.
O yol igidlərin qanından keçir.
Sənin oğulların, Vətən, sevin ki,
Döyüşdə səndən yox, canından keçir.

Kökünün qədrini biləni varsa,
Nəsillər sabaha ümid daşıyır.
Azadlıq uğrunda öləni varsa
O xalqın yaşamaq haqqı yaşayır.

Qələbəyə saxla göz yaşlarını,
Azadlıq boylanmır sənə yad kimi.
O gün şəhidlər də baş daşlarını.
Düşmənə sıxacaq avtomat kimi.

Əyilməz başını uca tut ,Vətən
Azadlıq arzulu igidlərinlə.
Ömrü yaz ömrü tək qərənfilləşən,
Məzarı – and yeri şəhidlərinlə.

***

Papağı başından baha olan kəs,
Hələ papaq qoymaq kişilik deyil.
Özgə zəhmətiylə cibi dolan kəs,
Cibi həyat saymaq kişilik deyil.

Hələ dadmayıbsan qəmin duzunu,
Gözündən su axıb yaş əvəzinə.
Sənin bu dünyada ömrün uzunu,
Çənən işləyibdir baş əvəzinə.

Üstündə gəzdiyin daşın, torpağın,
Üstündə yaşayır daş, torpaq haqqı.
Bəs sənin nə üzlə eşilir bığın,
Yaşatmaq haqqısa yaşamaq haqqı.

Arvadın geyinən can köynəyini,
Namusla qazanıb almadın, bəli!
Burnunu yuxarı tutub gəzməyin,
Sənə təsəllidir, ancaq təsəlli.

Papağı başından baha olan kəs,
Başını qaldırıb bir dünyaya bax.
Durulmaq eşqiylə qəlbində həvəs,
Özünü qayaya çırpan çaya bax.

1983