AĞLADI
Gözlədim, gəlmədin, görüş yerimiz,
Halıma mükəddər oldu, ağladı!
Sənin görüşünə tələsən güllər,
Əlimdə saralıb-soldu, ağladı!
Bükdü qamətimi, əydi bu halət,
Gəldiyin yollar da çəkdi xəcalət.
Məhəbbət yanğılı bir dəli həsrət,
Qolların boynuma saldı, ağladı!
Nə bilim bu imiş yaxınlığımız,
Bir eşqin oduna yaxındığımız.
Bir vaxt qucağına sığındığımız,
Söyüdlər saçını yoldu, ağladı!
A Qafqaz, bu necə taledi, baxtdı?
Ahım göyləri də yandırıb-yaxdı.
Şimşəklər oynadı, ildırım çaxdı,
Buludlar hönkürüb doldu, ağladı!
2008.
AZ
Deyirsən, uzaq ol, amma bir zaman,
Bitib yollarımda qalmırdınmı, az?!
Dolanıb başıma pərvanə kimi,
Qadamı-bəlamı almırdınmı, az?!
Süzdürə-süzdürə o qaş-gözünü,
Qurban eyləyərdin mənə özünü.
Söykəyib üzümə hərdən üzünü,
Şirin xəyallara dalmırdınmı, az?!
Ayrıla bilmidin, zəliydin, zəli,
Olmuşdun sərsəri, olmuşdun dəli.
Mənə salam verən hər bir gözəli,
Şahmar ilan kimi çalmırdınmı, az?!
Niyə qurdaladın sən yaddaşımı,
Qafqaz Əvəzoğlu yenə naşımı?!
Bişirə-bişirə bu gic başımı,
Gülüstan qoynuna salmırdınmı, az?!
2008.