ÇIYINLƏR
Çiyinlər öyrəşib həmişə yükə,
Baharı daşıyıb, qışı daşıyıb.
Sevdası, qovğası özündən yekə
Ağıllı, ağılsız başı daşıyıb.
Çiyinlər öyrəşib həmişə yükə,
Yorulmaz yollarda dəvələr kimi.
Gedərik yol boyu tər tökə-tökə,
Gedər çiynimizdə dünyanın qəmi.
Gedərik dayanıb, dinşəyib bir az,–
Torpağın qarğışı tutana kimi,
Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.
Çiynimiz tabuta çatıb dayanar,
Yox olar dünyanın nağılı birdən,
Hardasa baxtımız yatıb dayanar,
İtirrik ümidi, ağılı birdən.
Yapışar yollara ayaqlarımız,–
Torpaq ilğım kimi çəkər adamı.
Çatlayar qəfilcə dodaqlarımız,
Bir anlıq unudar adını hamı.
Bir qorxu qıvrılıb yatar ürəkdə,
Açıb ağartmarıq ancaq heç kimə.
Sevinci hamıyla bölə bilsək də,
Dərd var–bölünəsi deyilmiş demə.
Yaxın olanmazmış heç vaxt özgəsi,
Hər kəsin bir mərhəm kədəri varmış.
Hərənin çiynində bir qəm heyvəsi,–
Hərə öz dərdini tək aparırmış.
QABAĞIMI KƏSƏN VAR
Daha səni qaçırası deyiləm,
Daha yoxdu yollarının qorxusu.
Anan bilsə çəkməyəcək daha qəm,
Qaçmayacaq innən belə yuxusu.
Yuxularım çin olmadı, neyləyim?!
Nədən oldu?
Ya taledən, ya baxtdan,
Sinəm dolu, üzüm gəlmir söyləyim,
Köks ötürüb boylanıram uzaqdan.
Arzularım, diləklərim, şüşəydi,
Sındı qəfil, qəlpə-qəlpə töküldü.
Səni tale, məni də ki vaxt əydi,
Sınan qəlbi bacarırsan tik indi!
Görən sənmi, görən mənmi günahkar,
Ya ağlımla dil tapmayan ürəyim?!
Göstər mənə günahsız bir Adam var,
Tanrı deyim, ulu deyim, pir deyim.
Daha səni qaçırası deyiləm,
Daha məndən hər gün uman-küsən var.
Daha səni ötürəsi deyiləm,
Bilirsənmi, qabağımı kəsən var.