VAR HƏLƏ
Qalmır iştəyindən bu qanlı fələk,
Bir sevinc içində min ah var hələ.
Bir ucdan üyüdür, yenə də doymur,
Dişinin altında iştah var hələ.
Buraxma dərdini, gəl, öz başına.
Yoxsa dəyər başın əhləd daşına.
Aldanma dünyada hər göz yaşına,
Dalında nə qədər timsah var hələ.
Neylim, mən bu qədər təzadı, neylim?!
Yolum yol ha deyil, qəzadı, neylim?!
Ömür tale verən cəzadı, neylim?!
Çəkirəm, boynumda günah var hələ.
Bir cənnət çəmənə bir axar suydum,
Bir şeytan yanğının vədinə uydum,
Bu günkü döyüşü sabaha qoydum,
Bilmədim sabaha sabah var hələ.
Göytək dolan gözüm olmaz buludsuz.
Fəryadım köklənməz heç vaxt sükutsuz.
Sibirel, ömründə olma umudsuz
Başıyın üstündə Allah var hələ.
2.04.1999
BU GECƏ
Bu gecə pərvanə işığa gəlməz,
Bu gecə işığım soyuq kimidir,
Bu gecə ürəyim rahatlıq bilməz,
Tufanlar qoynunda qayıq kimidir.
Bu gecə qaranlıq gumanlarımı,
Nurlandıra bilməz ay işığı da.
Bu gecə təsəlli ümanlarımın,
Mənəm böyüyü dəcəl uşağı da.
Bu gecə tüstümü içəri təpən
Küləklər bayırda narahat gəzər.
Şirin xatirəmə göz yaşı səpən
Buludlar bu gecə duzlu dad gəzər.
Bu gecə tale də yazımı bilməz,
Salar bədxahlığın boran, qarına.
Üşüyən ürəyim qızına bilməz,
İlk eşqin ilahi baxışlarına.
Bu gecə qayatək susar harayım
Boğulub bataram bu sükutda mən.
Bu gecə özümü necə arayım
Doğma ünvanda mən, doğma adda mən?
Bu gecə-önümdə qaralan hasar,
İşığa tutaram, hörgüsü uçmaz.
Bu gecə bələdçi yollarım azar,
Sayıq gözlərinin mürgüsü uçmaz.
Bu gecə çəkdiyim qəmlər, əzablar
Baş aça bilmərəm, kimə xoş gələr.
Bu gecə istəyi çətin tapılar.
Əlidolu ilham əliboş gələr.
Bu gecə göylər də sərxoş kimidir,
Bir qədəh ulduzu salar əlindən.
Bircə dan yerinə dönüb ümidim
Məni bu gecənin alar əlindən.
1984