OLDUM
Endi bu sevginin bəxti zirvədən
Qalıb quzeyində pərişan oldum.
Hər gün yelpikləyib xatirələri,
Közərən oduna alışan oldum.
Bilmirəm bu yolda günaham, suçam,
Daha bu düyünü tapılmaz açan,
Hər payız gələndə bahara uçan
Qərib durnalara qarışan oldum.
Dolan buludundan qəlbim nəm çəkir,
Dərdi olan bilər çəkən nə çəkir.
Sənli günlərimi bir nağıl təki,
Sənsiz günlərimə danışan oldum.
Çətin o günlərə biz qanad açaq,
İnanma təzədən yana o ocaq.
Döyüş meydanıdır bu həyat, ancaq
Mənsə öz-özümlə vuruşan oldum.
Adlayıb keçməkçün bu keşməkeşdən,
İşıq çəkəmmədim o nur gülüşdən,
Sənin işığını gündüz günəşdən,
Gecə ulduzlardan soruşan oldum.
Daha bu tərəfə əsməz yellərin
Dərin dərələri aşmaz sellərin,
Saçımda ağ cığır açan illərin
Axırda hökmüylə barışan oldum.
1986
QORUYAQ
İnanma naşılar çətin,
Kəsə yolunu həsrətin.
Ülvi, Təmiz məhəbbəti
Ötüb keçəri hisslərdən
Qoruyaq, sonra gec olar.
Ömrümüz qayğı dənizi,
Silkələr qayıq tək bizi,
Səmasını qəlbimizin,
Hər vaxt çənlərdən, sislərdən
Qoruyaq, sonra gec olar.
Bu elin dərdini çəkən,
Uğrunda qanını tökən,
İstedadı qönçə ikən
Bədxahlardan, xəbislərdən
Qoruyaq, sonra gec olar.
İnsanın dostu, həyanı,
Qışda çətirli dünyanı
Yazda ətirli dünyanı
Qan arzulu iblislərdən
Qoruyaq, sonra gec olar.