SƏNSİZ
Adını telefonun”Yaddaş kitabçasından”,
uzaq xatirələrin məhəbbət bağcasından,
arabir küsüb gedən ərkimin boxçasından
sildim,unudub atdım;
sən yenidən qayıtdın.
Niyə? bilə bilmədim,
görünür ürəyimdən
səni silə bilmədim.
Qocaldıqca,pöhrətək qəddim qalxıb-dikəldi,
məhəbbətin qəlbimdə bir əbədi heykəldi,
ömrümə milyon dəfə leysan düşdü,
sel gəldi…
Sən gəlmədin!
Dalımca ölüm min dəfə gəldi,
sənsiz ölə bilmədim.
Ya biryolluq əlimi mən səndən üzməliydim,
ya düşüb rüzgar kimi
arxanca gəzməliydim,
neynim ki,səni sevən bir adi sərsəriydim.
Sənsiz-təbəssümə də yasaq qoydu ürəyim;
gülməli günə qaldım,
amma gülə bilmədim…
19.10.2004.
“SƏNİNLƏ” kitabından

MƏN ÖZ İLLƏRİMİ VERMİŞDİM SƏNƏ…

Dərib şehli-şehli Könül bağımdan,
Sevgi güllərimi vermişdim sənə,
borc deyil-qaytardam,pul deyil-alam,
mən öz illərimi vermişdim sənə,

Məgər göz verilib ağlamaq üçün?
nə ümid saralan bir yarpaq üçün?
ağartmaq deyildi,daramaq üçün
mən öz tellərimi vermişdim sənə,

Sevgimi dərd etmə–daşıtmaq üçün,
ağladım–ürəyi boşaltmaq üçün,
Məcnun taleyini yaşatmaq üçün
mən öz çöllərimi vermişdim sənə?!

Taleyim beləmi? Özümmü çirkin?
ömrümə qəsd edir,soyuqlu bürkün,
qandallar nəyidi?! Sarmanmaq üçün
gülüm,əllərimi vermişdim sənə,
hayıf…,gör nələri vermişdim sənə?!

18.02.2019.