YAŞAMAĞA ÜRƏK MƏNƏ MANE OLUR…
Bir yarpağam,çırpınıram küləklərdə,
toz oluram ,ələnməkdən ələklərdə,
ümidlərin ixtiyarı fələklərdə,
Dövran qurmuş kələk mənə mane olur!
Kəpənəktək sındırmışam qanadımı,
kim sə duyub,çiçəkləri qınadımı?
yel səslədi-hardan bilirmiş adımı?
gizlənməyə külək mənə mane olur.
Yar sevərəm,gözüm düşər gözlərinə,
üz qoyaram xəyalların dizlərinə,
incə güllər bəzək vurar özlərinə-
sevilməyə çiçək mənə mane olur.
Leysan vurub; ləçək-ləçək dağılmışam,
sındırıblar,büdrəmişəm,yıxılmışam,
bilən varmı-mən çiynimə dağ almışam?!
əyilməyə kürək mənə mane olur.
Torpağıma sərilərəm üzüm üstə,
el yolunda ölüm!?-bu da göxüm üstə!
Ata Yurdu çörək qoyub dizim üstə,
dirçəlməyə çörək mənə mane olur!
Bu,nə eşq ki,aşiqini salmaz yada?
vurub-yıxar məzar kimi çarpayıya!
bu ürəklə nahaq gəldim bu Dünyaya!-
yaşamağa ürək mənə mane olur…
26.07.1999.”SEÇİLMİŞ ƏSƏRLƏR” 1-ci cild,2005.
OLMUR…
Ölürük gözləməkdən bir sirdaşın zəngini,
qulaqlar sağır olur,kirpiklərə yaş qonur,
boyalar dəyişməli–bu günlərin şəklini
köhnəylə çəkmək olmur.
Sevgi axtarışında dolaşdıq haraları!
qatdıq saçlarımızda “ağlara”-“qaraları”,
cərrah bıçağı aciz-piy basmış yaraları,
iynəylə tikmək olmur.
Daha qoruq da boşdur!-son ceyranı ovladıq,
yetim gəlib əl açdı-qapıdan qovaladıq!
görünür ki,Onun da yanında üz qoymadıq–
Tanrı da kömək olmur!
Savaşlar var hələdə-gözlərdən yaşlar gedir,
xəbərin yoxmu,Bakı?-“Qala divarlarından”
sökülüb daşlar gedir!
get-gedə kütləşirik–ağıllı başlar gedir,
geri gətirmək olmur.
Cəhd edirik bu Yurdu bir tərəfə çıxardaq,
Xəzər,hələ də səni qazırıq üz ağardaq,
başda–bir qismı məddah,o biri qismı yaltaq!
gerçəyi görmək olmur.
Köhnə boya yaramır–bizim dövran qurtarır,
(yazıqlar bizdən sonra dünyaya gələnlərə),
bilsəm də əzablardan ölməklə can qurtarır-
Yurdu itirmək olmur…
22.08.2020.