HAYIF Kİ,ÇİN OLUR QORXUNC YUXULAR…
Hayıf ki,çin olur qorxunc yuxular,
bəlkə də əbədi–hicran olcaq,
əllərim toxunsa yanıb-yaxılar,
gözlərim bir qatar yola salacaq.
Vüsal əlindədir hicranın canı,
əllərdən qopanlar ərşə çəkilir,
gözlərin,üzlərin alovlarını
axan göz yaşları söndürə bilir.
Bilməzdim yolları həsrət kəsəcək,
üfüqə ulduztək batıb gedəcəm,
o,gedən yerlərdən yellər əsəcək,
yeldən baxışlarla sual edəcəm.
Hayıf ki,çin olur qarışıq yuxu,
onunla aramda necə sədd hörüm?
mənim özümdədir günahın çoxu–
niyə yatırdım ki,niyə də görüm?
Hayıf ki,çin olur qorxunc yuxular,
bəlkə də bu hicran sonsuz olacaq,
əllərim toxunsa yanıb-yaxılar,
qatarı gözlərim yola salacaq…
HAYIF…
Ovcumda titrəməz yenə əllərin-
qəlbinin səsini duysa da ürək,
hayıf,bu dünyada səadətlərin
ömrü uzun olmur xatirələrtək.
Ömür–gün dönəcək xatirələrə,
ən gerçək olanlar ölümlə–itim!
“Hayıf”-deyə–deyə ötən illərə
daha özümə də:”Hayıfsan…”-dedim.
Nə oldu sevgimə verdiuyin dəyər?
Bilmədim nəyəymiş kinin,iradın,
vaxtında qədrimi bilsəydim əgər,
nə sən puç olardın,nə mən sınardım…
23.06.2016.