12670616_945644685514132_1613497453409273181_n

Şahməmməd Dağlaroğlu (Soltanov Şahməmməd Nurulla oğlu) 1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. 1970-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin 8-ci sinfini bitirib. Göyçay 58 saylı orta texniki peşə məktəbində dülgər-xarrat peşəsi ilə yanaşı orta təhsil alıb. 1975-1977-ci illərdə ordu sıralarında xidmət edib.
Müxtəlif illərdə rayonun bir sıra tikinti idarələrində inşaatçı kimi çalışıb. İsmayıllı rayonunun Mücühəftəran və Ağbulaq kənd məktəblərində 15 ildən artıq əmək təlimi müəllimi işləyib.
1982-84, 1986-91-ci illərdə Rusiya Federasiyasında yaşayıb. Qiyabi yolla iqtisadçı-mühəndis ixtisası almaqla 1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirib. İsmayıllı rayonunun Ağbulaq kəndində yaşadığı illərdə ilk bələdiyyə seçkisində uğur qazanaraq, bələdiyyənin sədri vəzifəsində çalışıb.
2005-ci ildə jurnalistika ixtisası üzrə birillik kurs bitirib. Rayonun Yerli Radio Verilişləri redaksiyasında redaktor vəzifəsində işləyib. Bələdiyyələr üzrə keçirilən ikinci, üçüncü və dördüncü seçkilərdə İsmayıllı bələdiyyəsinin üzvü seçilib.
Ş.Soltanov hazırda İsmayıllı bələdiyyəsinin üzvüdür, bələdiyyədə Yerli İqtisadi-İnkişaf və Sosial Məsələlər daimi komissiyasının sədri vəzifəsində çalışır.
Ş.N.Soltanov 1995-ci ildən Ana Vətən Partiyasının üzvü, həmçinin, partiyanın İsmayıllı rayon təşkilatının sədridir.
Erkən yaşlarından şeirlər yazan Ş.Dağlaroğlu 5 kitabın müəllifi, 30-a yaxın kitabın redaktoru, 2 toplunun tərtibçisidir. Şeirləri “XX əsrin Şirvan şairləri” toplusunda, “Türk dünyası şairlərinin antologiyası”nda və digər bir neçə almanaxda yer alıb.
2014-cü ildən təsisçisi olduğu “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədridir.
Ş.Soltanov 2008-ci ildən çıxan “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktorudur.
Şair Ş.Dağlaroğlu 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Getmədi

Bitən deyil bu qan-qada,
Sağ tutan sola getmədi.
İtlə pişik yollaşsa da,
İnsanlar yola getmədi.

Candı bura gətirdiyim,
Ömür oldu itirdiyim.
Min zəhmətlə bitirdiyim,
Bazarda pula getmədi.

Meydan tapmır söz atımız,
Meydanda yox öz atımız.
Qıratımız, Boz atımız,
Çullandı, çula getmədi.

Bir yol göstər, yolu görən,
Ürəyimi dolu görən.
Varmı bir yer, pulu görən,
Bakirə dula getmədi?

Gələn hər ilin var qışı,
Canlandırar ağ qar qışı.
Bəyin, ağanın qarğışı
Nökərə, qula getmədi.

Çalış, yanma hər alovda,
Zaman, ömür qovhaqovda.
Elə yer oldu ki, ovda,
Mən getdim, tula getmədi.

Dərd güc gəlsə, döz, dayan

Bağa girdim, gülçün gəzdim hər yanı,
Gördüm basıb cığırları ot, alaq.
Anladım ki, yoxdur bağın bağbanı,
Köks ötürdüm, qəfil uçdu yapalaq.

Hörmət etsən çıxacağın pilləyə,
Tablaşarsan qara, qışa, çilləyə.
Dözmək olar bəndə vuran silləyə,
Ağır olar Haqdan gələn şapalaq.

Yad laylaya uyub, yatmaq çətindir,
Daş atanın daşın atmaq çətindir.
Durub getmək, gedib çatmaq çətindir,
Qaçaqaçda versə kimsə badalaq.

Halal insan bal deyəcək şoruna,
Dərddir – düşə mərd namərdin toruna.
Ağıllı baş gərək hər an qoruna,
Nə lazımdır boş kəlləyə qapalaq?

Dağlaroğlu, dərd güc gəlsə, döz, dayan,
Yaraşmaz adına yersiz söz, dayan.
Əvvəlkindən bir qədər də düz dayan,
Ayağından dartsa əgər yad, yalaq.

Nə olubsa, olub daha

Əllərim göyə dəyirdi,
Yerdə hava boğdu məni.
Atam oğul gözləyirdi,
Anam şair doğdu məni.

Mən də ağladım hamıtək,
Tez tapıldı buna çarə.
Alışdım hamam şamıtək,
Yuyunmadım mən biçarə.

Yolum dünəndən sabaha,
İşim ovutmaq gecəni.
Nə olubsa, olub daha,
Unutdum olub-keçəni.

Gir qoluma, gedək qoşa,
Çıxıb yolumuz rahata.
Qorxum odur, baxıb yaşa,
Günəş sonuncu yol bata.

Dolan, dərdli ürəyimi,
Boşaldıb, şeir yazıram.
Can üzmürəm şair kimi,
Ürəyim deyir, yazıram.

Bilmişəm

Sevməklə canımı cana gətirdim,
Dərdi qarşıladım, kefi itirdim.
Gözümü yummadım, gördüm, götürdüm,
Zəif gördüyümü təzə bilmişəm.

Hər səhra keçənə yar dəvəsimi?
Sıxdı boğulunca ar nəfəsimi.
Sizdən nə gizlədim, var həvəsimi
İçimdə öldürüb, əzə bilmişəm.

Bir anda can atar yüzü sevincə,
Qürura yar oldum, düzü sevincə.
Üzmüşəm kədərdən üzü sevincə,
Demə bircə qarış üzə bilmişəm.

Atımı sürmədim darda, dalanda,
Gördüm sinə gərən, daldalanan da.
Namərd dalda yerdə dərdə dalanda,
Mən elin içində gəzə bilmişəm.

Haqqına

Gözəl sevmək günah olub nə vaxtdan?
Ey qınayan, qına məni haqqına.
Gül üzündə açılacaq nə vaxt dan?
Qurban olum Allahına, Haqqına!

Nə gözəldir bu çöl, çəmən, yal, ana,
Gözəlliyin yamac ana, yal ana.
Bədəsillər salıb meylin yalana,
Tərs baxırlar sözün doğru, haqqına.

Mən – özüməm, özümdəki öz ümdə,
Heyrətdəyəm öz dünyama özüm də.
Duz-çörəklə qüvvə tapdım özümdə,
Göz dikmədim bir kimsənin haqqına.

Dağlaroğlu, danış incə, din incə,
Qəlbidaşa görünərmi din incə?
Haqq zarıdı, haqlı bir yol dinincə,
Haqq, özün de, niyə girsin haqq qına?

Yaram aza mən

Hər şeyin çoxundan durdum uzaqda,
Nəfs mənim qulumdur, yaram aza mən.
Şaddır varlığıma yaxın, uzaq da,
Ən uzaq ulduzam yaramaza mən.

Yazmadayam, ehtiyac yox pozana,
Gülüşüm yas əhvalımı pozana.
Ağır günü yaddaşından poz, ana,
Bu fərəh içində yaram aza, mən?

Çox deyilmi Iki qapaz bir başa?
Doqquz ağlar, çəkiləndə bir başa.
Dağlaroğlu, de sözünü birbaşa –
Yaramaz olacaq yaramaz əmən.

Gözəllər

Ömrüm arzu zəmisidir –
Zəmini biçən gözəllər.
Hardadır dünya mərdini
Namərddən seçən gözəllər?

Can alırlar sözləriylə,
Aya bənzər üzləriylə.
Yaxın gəlmir, gözləriylə
Şəklimi çəkən gözəllər.

İradım yox məhəbbətə,
Dözməkdəyəm bu zillətə.
Cəlb olunmur cinayətə
Qanımı içən gözəllər.

Ağlasam, gülən deyillər,
Halımı bilən deyillər.
Dəfnimə gələn deyillər
Könlümdən keçən gözəllər.

Təksən

Təksən, Günəş də təkdir,
İstəmirəm bölməyi.
Sən bil, nəyə gərəkdir,
Onun, bunun bilməyi?

Qəm sinəmi naxışlar,
İzi yuyar yağışlar.
Tanrı mənə baxışlar
Qapınıza gəlməyi.

Həsrətim quşa döndü,
Tək getdi, qoşa dondü,
Gözümdə yaşa döndü
Gülün gülə gülməyi.

Can atma məndən qabaq
Geyməyə beş arşın ağ.
Dərd bilməz qara torpaq,
Məhəbbətdən ölməyi.

Azərbaycan – canda can

Doğuldun Günəş kimi, dahi, ölməz, nur oldun,
Fövqəlbəşər zəkanla aləmə məşhur oldun.
Ömrünü zərrə-zərrə eldən ötrü əritdin,
Yersiz dil açanları, diz çökdürdün, kiritdin.

Adın düşdü tarixin hər gününə, ayına,
Dara düşən Vətənin yetişdin harayına.
Vətəndaşdan, oğuldan çevrildin xilaskara,
Gül, çiçək düzdü millət keçəcəyin yollara.

Yeni Azərbaycanın vüqarlı sərkərdəsi,
Əlinlə parçalandı əsarətin pərdəsi.
Sən gətirdin bu yurda birliyi, mətinliyi,
İtirdin ilim-ilim dərdi, həm çətinliyi.

Sən döndərdin bahara şaxtalı qışımızı,
Sən açdın alnımızı, düyünlü qaşımızı.
Bu xalqı yer üzünə, bəşərə, sən tanıtdın,
Bu yurdu milyonlara etdin Vətən, tanıtdın.

Qurduğun güclü dövlət – vüqarımız, adımız,
Sən düz yolu göstərən ən böyük ustadımız.
Ellər baxır fəxrlə ucaltdığın bayrağa,
Ər igidlər adınla şəhid düşür torpağa.

Sən qürur mənbəyimiz, sabaha yolumuzsan,
Sən polad vüqarımız, əyilməz qolumuzsan.
Gen sala bilməz səni bizdən illər, fəsillər,
Yaşadacaq adını qədirbilən nəsillər.

Etibarlı əldədir bu ölkənin sükanı,
Canından artıq sevir İlham Azərbaycanı.
Ey bu yurdun cavanı, qocası, oğlu, qızı,
Azərbaycan – canda can, qoruyaq canımızı!

Səni sevə-sevə tərk edəcəyəm

Getdiyim bu yolu dönməyəcəyəm,
Həsrətin dindirsə, dinməyəcəyəm.
Yalvarma, göylərdən enməyəcəyəm,
Eşqimi aləmə görk edəcəyəm,
Səni sevə-sevə tərk edəcəyəm.

Bilirəm, təmizsən dağda qar kimi,
Şirinsən, dadlısan bağda bar kimi.
Vəfalı dost kimi, əziz yar kimi,
Gülə, çiçəyə də ərk edəcəyəm,
Səni sevə-sevə tərk edəcəyəm.

Səni canım, ruhum biləcəyəm mən,
Dərdə tab gətirib güləcəyəm mən.
Düşünmə tək qalsam öləcəyəm mən,
Məcnunluq nə imiş dərk edəcəyəm,
Səni sevə-sevə tərk edəcəyəm.

Toxuma

Gördüm o gözəli, dondu qan, damar,
Canında naz – hər hüceyrə, toxuma.
Dodaq dəysə, yanağından qan damar,
İnanmıram, ac umduğun tox uma.

Bir Günəşdən nur alıbdır üzümüz,
Bağıma gəl, nara göz qoy, üzüm üz.
Bu misalda görməyibdir üzüm üz,
Ümid çilə bu sevdaya, toxuma.

Haqq xətrinə uzaq qaçdım ikidən,
Baş ağartdım, saça düşdü iki dən.
Dağlaroğlun tora salmaz iki dən,
Allahı sev, at o toru, toxuma.

Odla su arasında

Od olanda yandırıram,
Su olanda söndürürəm.
Anlayana nə deyim ki?
Anlamazı dindirirəm.

Anlamazın anladığı,
Gəlməz idi heç ağlıma –
Yeri, ağla öz gününə,
Məndən ötəri ağlama.

Başına dolandığım

Bənd edib məni qurduğun,
Tor, başına dolandığım.
Barı hərdən əhvalımı,
Sor, başına dolandığım.

Yaz deyirsən, nəyi yazım?
Yerlə-yeksan çoxum, azım.
Öl de, ölüm, nəyə lazım,
Zor, başına dolandığım.

Eh, Məcnuna tən olmuşam,
Dərələrdə çən olmuşam,
Ağlamaqdan mən olmuşam,
Kor, başına dolandığım.

Oxsuz kamandı qaşların.
Sirri açdı sirdaşların –
Özün şirin, göz yaşların,
Şor, başına dolandığım.

Oxladın, qıydın qanıma,
Qiymət qoymadın canıma.
Sənsiz düşüb yorğanıma,
Qor, başına dolandığım.

Sevdalıyam mən bu yaşda,
Ağıl olmaz sevən başda.
Gəzdir məni dağda-daşda,
Yor, başına dolandığım.

Göz yaşlarım dönüb çaya,
Çətin çıxam gələn yaya.
Ölsəm, baxmam bu sevdaya,
Xor, başına dolandığım.

Gülüm, sənsiz gülüm bitməz,
Bir arzuya əlim yetməz.
Sənsiz ölsəm, qəbul etməz,
Gor, başına dolandığım.

Məni

(60-cı ilimin ilk şeiri)

Daha iməkləmək yaraşmır yaşa,
Yapışın əlimdən, gəzdirin məni.
Kitabı oxunmur, dərs girmir başa,
Bir başqa məktəbə yazdırın məni.

Dünya böyüksə də, tək mənə dardır,
Eşq göyə, qəlb yana, qəm yerə dartır,
Bezəndə, yaşamaq həvəsim artır.
Qıymayın, incidin, bezdirin məni.

Bu dərdli sinəmdə xal üstə xal var,
Ötən hər anımda min bir xəyal var.
Səhradan, meşədən çıxmağa yol var,
Gözəllər içində azdırın məni.