İnsan gözəl əxlaqla qarşılaşdıqda dərhal bundan təsirlənir və gözəl əxlaq onun xoşuna gəlir.
Hər kəsin fitrətində gözəl əxlaqa meyl var. İnsan gözəl əxlaqla qarşılaşdıqda dərhal bundan təsirlənir və gözəl əxlaq onun xoşuna gəlir. Eləcə də hər insan gözəl və çirkin əxlaqın nə olduğunu da çox yaxşı bilir. İnsan bəzən gözəl əxlaqla qarşılaşanda öz əxlaqından utanır, qərar verir ki, mən də belə olacağam, özümdə olan bəzi şeyləri dəyişəcəyəm. Bəzən də olur ki, çətin hadisələrlə qarşılaşırıq, yanlışlar edirik, sonra qərar veririk ki, bu səhvləri həyatımda təkrar etməyəcəyəm. Yəqin ki, saydığım bu hadisələr sizin də həyatınızda baş verib… Ancaq qərar vermək və gördüyümüz gözəl əxlaqların bizdə də olmasını istəməklə bərabər, bunları həyata keçirməkdə çox mühüm məqam var: həm qərarımızda, həm də gözəl əxlaqımızda iradəli olaq.
İnsan aciz varlıqdır, ona görə də çox tez-tez yanlışlar edir. Hər insanın xarakterində çatışmayan cəhətlər var. Biz həm də ağıllı və vicdanlı varlığıq, Allah bizi üstün yaratmışdır, bizə ağıl və iradə vermişdir. Hər nə qədər xətalarımız və yanlışlarımız olsa da, Allahın izni ilə o xətlalardan arına bilərik. Bunun üçün ehtiyacımız olan ağılla özümüzdə tapdığımız yanlışları iradəmizlə özümüzdən uzaqlaşdırmaqdır. “Mən bacarmıram”, “gücüm çatmır”, “nə edim, əlimdən gəlmir” demək şüur sahibi heç bir insana yaraşmır.
Gözəl əxlaq nə deməkdir? Gözəl əxlaq fədakar olmaq, səbrli olmaq, vəfalı olmaq, bağışlayıcı olmaq, mehriban olmaq, gözəl söz deməyi bacarmaq, sevdiyin şeylərdən keçə bilmək, ehtiyacı olanlara kömək etmək, sevdiyin insanları özündən və istəklərindən üstün tutmaq, bir sözlə, gözəl əxlaq – Allahın Quranda bizə bildirdiyi bütün davranışlardır. Bizim ruhumuza zövq verən də gözəl əxlaqlı olmaq və bu əxlaqdan zövq almaqdır. Hər birimiz də istəyərik ki, ətrafımızda bu cür gözəl əxlaqlı insanlar olsun. Bu cür insanların olması üçün biz də gözəl əxlaqlı olmaqda qərarlı və iradəli olmalıyıq… Məsələn, insan ciddi səhv edir, sonra çox peşman olur, o səhvlərini görür və səmimi olaraq qərar verir ki, onları bir daha təkrar etməyəcək, daha gözəl əxlaqlı olacaq. Ancaq bir dəfə, iki dəfə… keçir və yenidən əvvəlki əxlaqına dönür. Çox təəssüf ki, bəzi insanlar qısa zaman sonra bu qərarını unudur, sanki heç peşman olmayıb o etdiklərindən… Bax bu məqamda iradə lazımdır, insan gərək sonuna qədər iradəli olsun.
Allah bizi imtahan etmək üçün nəfsimizlə birlikdə yaradıb, yəni hər birimizin nəfsimizdə həm yaxşılıq, həm də pislik var. Allah nəfsi insanın içindəki pisliklərə qarşı mübarizə aparması üçün yaradıb. Allah bir ayədə belə buyurur:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Yuxarıdakı ayədə bildirildiyi kimi, insan çətin bir hadisə qarşısında həm gözəl, həm də pis əxlaq göstərə bilər. Bu əxlaq insanın iradəsindən çox asılıdır. Məsələn, bir insanın xarakterində əsəbilik daha çox ola bilər, o insan bu xüsusiyyətdən çox əziyyət çəkə və bu xüsusiyyət ətrafındakı insanları da çox incidə bilər. Əgər həmin insan səmimi şəkildə bu xüsusiyyətdən arınmaq üçün qərar versə və bu yolda iradə göstərsə, Allahın izni ilə bu çatışmazlığın da öhdəsindən gələ bilər.
Bir də gözəl əxlaqda iradə sahibi olmaq insanın özünə də çox xoş gəlir, əxlaqından zövq alırsan, özünə güvənirsən, özünə olan sevgin və hörmətin də artır, sözsüz ki, ətrafındakı insanlar da səni sevməyə başlayırlar. Digər tərəfdən, asan olan da gözəl əxlaqlı olmaqdır, çünki Allah bizə bunu sevdirib. Kənardan nəfsə tabe olmaq asan görünsə də, həm fiziki olaraq, həm də mənəvi olaraq bu insanı çox yorur. Əgər insan dəfələrlə eyni xətanı bilərəkdən edirsə, iradə göstərə bilmirsə gözəl əxlaqda və çıxardığı nəticələrdə, bu da hər kəsdən çox insanın özünə ziyan verir. Unutmayaq ki, çətin olan heç nə yoxdur, sadəcə səmimi istəmək, qərar vermək və sonuna qədər iradəli olmaq lazımdır.
Firuzə Həsənzadə