Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist
Haçandı quru cisməm mən,
Ruhum, xoş gəldin, xoş gəldin!
Yaşaram tam yox, qismən mən,
Ruhum, xoş gəldin, xoş gəldin!
Məni mən qədər anlayan,
Bəzən ərk ilə danlayan,
Sən dərya, mənsə damlayam,
Ruhum, xoş gəldin, xoş gəldin!
Ömür fani, yaşam yalan,
Sən quru, mən yaşam – yanan.
Sənsiz qara daşam, inan,
Ruhum, xoş gəldin, xoş gəldin!
Saçımdakı dəni sevdim,
Gözümdəki çəni sevdim,
Təkcə səni, səni sevdim,
Ruhum, xoş gəldin, xoş gəldin!