Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Altmışında eşqə düşən,
Nə bilər ki, nədi gülşən,
Dibi paxır qabda bişən,
Yeməkləri yemək olmaz.
Söz adamı tutmayanda,
Söz ürəyə yatmayanda,
Söz adama çatmayanda,
Şeiri, sözü öymək olmaz,
Bir misra da bir əsərdi,
Acı bir söz dərddi, sərdi,
Söz var iti bir kəsərdi,
Söz var onu əymək olmaz.
Yaman çoxalıbdı aşıq,
Çömçəni bəyənmir qaşıq,
Fikir əyri, söz dolaşıq,
Tay heç kimi söymək olmaz.
Hörmət qoyaq ozanlara,
Rəhmət düşmür pozanlara,
Mənasız söz yazanlara,
Vallah şair demək olmaz.