Çağdaş Hollandiya şairi
* * *
Küçənizdən keçən
Adsız insanın
Bir gözü gülərsə,
Digəri ağlarsa,
Sən hiss edəcəksənmi?
Ya da gülən gözün
Kor olacaqsa
Digər gözün yaşla dolacaqmı?
… İki gülən gözü olan
İki gözümü təsəlli etsin…
ŞƏHƏRİM
Könlündə belə
Sükutun simfoniyası.
Artıq heç nə çalınmırsa
Haranı gəzək
Yerebatan Sarayı?
ƏKSETMƏ
Güzgülər hər tərəfdə,
Güzgülər aramızda,
Yenə ayırır bizi.
Qəzəblənirsən yenə
Hər görəndə özünü,
Və yumruğunla vurub
Cilikləyərkən
Kimliyini,
Yaralayırsan məni –
Çünki
Bu güzgünü tutan
Mənəm axı…
* * *
Rahatlığın dadına baxa bilmədim hələ,
Bir kolibri quşunun
Çiçəkdən çiçəyə uçduğu kimi.
Barmaqlarımın ucu da
Toxunmaq istəyir
Şeh damlalara,
Amma
Bu çiçəktozu uçub gedərsə əgər
Dilimə dəymədən?
* * *
Əlində olmayan hər şeyi
Buraxıb
Hamıısını
Əlində tuta bilənə
Təslim etmək.
Hələ əlindən gəlmədi
Eləmi?
* * *
Necə də bənzəyirsiniz
Şəhərinlə sən,
İçinizdəki qovğalar,
Çəkişmələr,
Davalar
Və daha nələriniz…
Amma təkcə sən
İtirdin öz sirrini, sehrini.
ROTTERDAM’DA BİR KİŞİ GÖRDÜM
Rotterdamda bir kişi gördüm,
Bombozdu.
Şalvarı,
Pencəyi
Və mavi gözləri belə.
* * *
Düşüncələrin içindən,
Sənə elə bağlanmayan
Bir gözlə
Baxmağa çalışdım sənə.
Yamanca sarsıtdın məni,
Gecəyarı qəfil
Duyulan səs kimi.
Tərcümə edəni: TƏRANƏ TURAN RƏHİMLİ
Şair-araşdırmaçı,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Prezident təqaüdçüsü.