teranexanim

* * *

Yenə gələcəkmi bahar?
Yenə açacaqmı kol dibindəki çiçək?
Şeir yazacaqmı ona
təzə dövrün şairləri?
Əvvəlki kimi oxuyacaqlarmı şeirləri?
Yenə dərdin yedəyində yük olacaqmı talelər?
Ömrün payızında saralıb töküləcəklərmi?
Mən hansı fəsildə köçəcəyəm?
Bir vərəqin küncündə
Bir misranın içində
Yenidən doğulacağammı?
Ölmədiyimi biləcəklərmi?

«QAN BANKI»NDA DÜŞÜNCƏLƏR

Qan qoxusu çökmüşdü
döşəməyə, tavana.
Divarlarda qan donduran şəkillər…
Ümidlər, sonra da dualar yıxılırdı
pəncərədən o yana.
Üz-gözündən oxumaq olurdu
adamların içindəki talanları,
Qansız-qansız üzürdü fələk
qana möhtac olanları.
Xəstələrə baş çəkən həkimin
ürəyinin qanı qaçmışdı,
Talasemiya, Hemofiliya adlı dərdlər
qan üçün yaman acmışdı.
Ölüm yedəyində gedən talelər
əcəlin bir addımlığında,
Əkilməmiş ümidlər göyərirdi
«Qan bankı»nın yaxınlığında.
İlahi, bu nə mizandı?!
Burda məzarla qan tərəzi gözündə.
İlk dəfə dərdin rəngini gördüm
dərdini bilməyən bir körpənin üzündə.