teranexanim

Filologiya üzrə fəlsəfə doktoru, dosent
Prezident təqaüdçüsü

Mən onu ilk növbədə sədaqətli dost kimi tanıdım. Daha sonra Azərbaycan mədəniyyətində özünəməxsus xidmətləri olan rəssam, yüksək ədəbi zövqü ilə seçilən, sözə dəyər verməyi bacaran sənətkar-ziyalı, Uluslarası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi və rəsm komitəsinin başqanı olaraq misilsiz təşkilatçı kimi məharətlərini gördüm.
2013-cü ildə sosial şəbəkə yayımlarında Akif Səmədə həsr olunmuş şeir müsabiqəsi keçirildiyini oxuyanda şairin köhnə dostlarından biri kimi buna çox sevindim. Akif Səmədə ithaf etdiyim şeiri müsabiqəyə göndərdim və beləcə həmin müsabiqənin təşkilatçısı, çox istedadlı rəssam, millətpərvər insan, qədirşünas ziyalı Nəvai Metin bəylə tanışlığın, ülvi dostluq ünsiyyətinin təməli qoyuldu. Görkəmli şair-publisist Akif Səməd bədii irsinin təbliği yönündə gördüyü işlər – Rəşid Behbudov adına Mahnı Teatrında şairin 55 illik möhtəşəm yubiley tədbirinin keçirilməsi, onun yaradıcılığına dair məqalələrin yazılıb nəşr edilməsi, Uluslarası Aktivist Sənətçilər Birliyinin Beynəlxalq Akif Səməd Ödülünün təsis olunması, UASB-nin”Akif Səməd” adlı xüsusi buraxılışının nəşri, bütün bunlar bilavasitə Nəvai Metinin yorulmaz xidmətləri, ən başlıcası isə, dostluğa sədaqəti, ədəbiyyatımıza, mədəniyyətimizə təəssübkeş münasibəti sayəsində ərsəyə gəlib. Akif Səməddən söz düşəndə ona olan böyük dost sevgisini ifadə etməyə söz tapa bilmir. Rəssamın yaradıcılığını ilk dəfə mətbuata təqdim edən şair dostunun Nəvai Metin qəlbindəki, xatirələrindəki yeri bir başqadır. Rəssam Akif Səmədlə dostluğun yeni pöhrələr atdığını, şairin sayəsində dostların daha da çoxaldığını söyləyir: “Bir də görürdün yanında bir adam gətirib, deyirdi ki, siz tanış olsanız yaxşıdı, indiki dostların bir çoxu ilə belə tanış olmuşam, Akif Aşırlı da belə dostlardandı”.
Onunla hər ünsiyyətimdə xarakter cizgilərinə əlavə olunan yeni çalarlar Nəvai Metinin təsəvvürümdəki bitkin obrazını yaradıb: mənəvi keyfiyyətlərə yüksək dəyər verən, haqq-ədalət prinsipini hər şeydən uca tutan, milli-vətənpərvər duyğulara, insanpərvərliyə həmişə sadiq qalan bir əqidə, məslək adamı – RƏSSAM obrazı. Nəvai Metin incəsənətin ən qədim tarixə malik bu növünə, rəssamlıq sənətinə təkcə seçdiyi sənət, ixtisas kimi dəyər vermir, onu həm də həyatının ümdə amalı, arzularının təntənəsi, insan qəlbinin imkanlarının tərənnümçüsü kimi görüb-qiymətləndirir. O, mürəkkəb və şərəfli bir sənətin yaradıcısıdır və bu ecazkar aləmə gələnədək, rəssamlıq sənətinə yiyələnənə qədər keçilməz dağlar aşıb, qarşısındakı hər maneəni dəf edə bilib.
Nəvai Metin 1965-ci ildə Azərbaycanın şeir, sənət ocaqlarından biri Qazaxda dünyaya göz açıb. Sevimli nənəsi Səadət xanımın himayəsində böyüyüb. Daha dəqiq desək, Səadət xanım nəvəsinin “nazı ilə oynayıb”, onu hər qayğıdan, qəmdən-kədərdən uzaq böyüdüb, əsil insani dəyərləri mənimsəməsində nəvəsinə örnək olub. Uşaqlıq illərini keçirdiyi Zəlimxan kəndində ilk dəfə rənglər dünyasına vurulub və onun uşaq yaddaşında həkk olunan bu vurğunluq bir ömür boyu hafizəsinə, qəlbinə hakim kəsilib. Hələ birinci sinfə gedəndə onu balaca rəssam kimi tanıyırdılar. Atası rəssam olmağına razı deyildi, oğlunu dəqiq elmlərlə bağlı ixtisaslara yönləndirmək istəyirdi, onunsa gələcəklə bağlı öz planları vardı. Səkkizinci sinifdən sonra sənədlərini götürüb Əzim Əzimzadə adına rəssamlıq məktəbinə vermək, rəngkarlığın sirlərinə daha yaxından bələd olmaq, səriştəli rəssam kimi yetişmək arzusuyla yaşayırdı.
Rəssam olmaq yolunda ilk addımlarını atdığı o uzaq illəri belə xatırlayır: “Səkkizinci sinfə qədər əlaçı olmuşam. Həmişə fikirləşmişəm ki, rəssam çox savadlı olmalıdır. Amma rəssamlıq məktəbinə getməyim deyə qəsdən sənədlərimi yubatdılar. Sənəd verməyə gecikdim və and içdim ki, daha dərs oxumaq bitdi. Bilirdim ki, evdəkilərin məqsədi məni AZİ-yə gətirməkdi (indiki
Neft Akademiyasına), çünki ağsaqqalımız – dayım orada çalışırdı. Buna görə bizim qohumlar hamısı AZİ-ni bitirib, dayım onlar üçün bir mayak olub. Nə isə, yaxşı oxumadım ki, məni də ora aparmasınlar”.
Beləcə, orta məktəbi bitirən kimi sənədlərini götürüb valideynlərindən xəbərsiz, bir rəssam yanında şəyird olmaq məqsədilə Bakıya gələn gənc buradakı tanışlardan birinin məsləhətiylə sənədlərini Razindəki (indiki Bakıxanov qəsəbəsi) rəssamlıq üzrə peşə məktəbinə verməyi düşünür. Çünki onuncu sinfi bitirənin sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq məktəbinə götürmürdülər. Lakin sonra qərara alır ki, ilk olaraq APİ-nin (indiki ADPU-nun) Bədii Qrafika fakültəsinə sənəd versin, əgər imtahandan kəsilərsə, peşə məktəbinə getsin. Əlbəttə, onun bu qərarı ailədə narazılıqla qarşılanır. Çünki nənəsi oğluna, onun dayısına ünvanladığı məktubda yazmışdı ki: “Nəvai instituta qəbul olunmasa, birinizin ayağı kəndə dəyməsin!” Buna görə də anasını narazı salmaq istəməyən dayı ərköyün bacıoğlunu dilə tutur ki, AZİ-yə sənəd versin. Qətiyyətli gəncin “yox” cavabından sonra dayısı hirslənib ona görə təxirə saldığı elmi ezamiyyətinə – Kiyevə gedir. İlk sınaqda bəxti gətirən gənc Nəvai instituta qəbul edilir və artıq ixtisas istiqaməti bəlli olur.
Ali təhsilini uğurla başa vurandan sonra sərbəst təyinat alır, İcra Hakimiyyətində, Müdafiə Nazirliyində bir sıra vəzifələrdə çalışır. Nəvai Metin keçdiyi fəaliyyət yoluna nəzər salanda: “Yolum hamar olmadı, endim, qalxdım, amma əsasən yuxarıdaydım. İşimi qurdum, şirkətimi yaratdım. Ömrümdən ötən əlli ildə yaxşı pullar qazandım, irili-xırdalı dostlar qazandım, amma qazandığım pulları və xırda dostları xərclədim getdi, iri dostlara dəymədim, qorudum, xəsislik elədim” deyir. Sənətkarların maddi sıxıntısına da onun özünəməxsus baxışı var. Müsahibələrindən birində oxuyuruq: “Mən rəsm çəkirəm, başqa yerdə işləyə bilmərəm” fikriylə yaşayan rəssamlar mütləq çətinliyə düşməlidir. Rəsm çəkmək könül işidir, amma könül işiylə qarın doymaz. Bununla yalnız könlünü şad edə bilərsən. Amma boya almaq üçün pul lazımdı, pul qazanmaq üçünsə işləmək”.
Azərbaycan mədəni ictimaiyyəti rəssamın uğurlarını 90-cı illər mətbuatından – ilk olaraq “Mərhəmət” jurnalının səhifələrindən tanıyır. Akif Səməd jurnalın oxunaqlı saylarından birində çox sadə, lakin maraqlı və orijinal bir təqdim sözüylə Nəvai Metin yaradıcılığını tanımağa dəvət edirdi: “Rəssam var ki, adam, at, it şəkli çəkə bilmir, nəsə çəkir və adını da nəsə “izm” qoyur, amma Nəvai adam, at, it şəkli çəkə bilir…” Bu həm də Nəvai Metinin sənətkar üslubu ilə ilkin tanışlıq yaradan bir qənaət idi. Həqiqətən də Nəvai Metin mücərrədçi deyil, o, rəssamlığı reallıq prizmasından dəyərləndirir.
Sonralar rəssamın sənət nailiyyətləri bir-birini əvəz etdi, əsərləri müntəzəm olaraq televiziya verilişlərini və mətbuat səhifələrini süslədi. 2005-ci ildən Rəssamlar İttifaqının üzvü seçildi. 2012-ci ildən Türkiyədə Uluslararası Aktivist Sənətçilər Birliyində fəaliyyətə başladı, birliyin həm üzvü, həm də Azərbaycan təmsilçisi və rəsm komitəsi başqanı kimi çoxsaylı uğurlara imza atdı. UASB GALERY-nin yaradılması, burada ən gənc nəsil də daxil olmaqla Azərbaycan rəssamlarının sərgilərinin təşkil edilməsi, eləcə də azərbaycanlı rəssamların Türkiyədə sərgilərinin təşkili, onların Beynəlxalq İncəsənət Festivallarında iştirakı belə uğurlar sırasına daxildir. Tanınmış cavan rəssam Naqiyə Rzayevanın, gənc rəssam Afaq Həbibinin rəsm sərgiləri bu qəbildəndi. Hazırda Nəvai Metinin əsərləri Amerika, Polşa, İsveçrə, Türkiyə, Rumıniya, Qazaxıstan incəsənət həvəskarlarının kolleksiyalarını bəzəyir.
O, həmişə milli-tarixi varlığımızla bağlı məsələlərə vətəndaş-sənətkar həssaslığı ilə yanaşıb, əsərlərində bunu dönə-dönə müşahidə etmək olur. 80-ci illərin sonlarından Azərbaycanda başlanan Azadlıq Hərəkatı zamanı o hələ tələbə idi. Həmin vaxt milli kimliyimizlə bağlı mövzular ədəbiyyatın və incəsənətin mərkəzi mövzuları sırasında yer alırdı. Nəvai Metin bu illərdə özünün sonralar məşhurlaşan “Şəhriyar” potretini çəkir. Bu portret rəssamın ölkəmizdəki məşhirluğunu təmin edən əsərlərdən biri kimi yadda qalır.
Nəvai Metin günümüzün reallıqlarına biganə qalmayan, onlara dərhal reaksiya verən sənətkarlardandır. Türkiyədə Soma mədən faciəsinə, Bakıda 19 may yanğın hadisəsinə həsr etdiyi əsərləri rəssamın millət dərdinə dərin kədərini əks etdirməklə yanaşı, ümumxalq hüznünün rənglərlə dolğun ifadəsi, faciə qurbanlarına sənətkar ağısıdır. Qeyd etmək lazımdır ki, rəssamın yanğın hadisəsinə həsr etdiyi əsər Azərbaycan rəngkarlıq sənətində yeni üslub tərzi ilə seçilir. Həmin əsər 3D formatlı rəsmin Azərbaycan rəssamlığında ilk iki nümunəsindən biri kimi, vitraj və peyzaj yaradıcılığının vəhdətindən ibarət ecazkar sənət örnəyi olaraq diqqəti cəlb edir. Nəvai Metin sənətdə bir çox uğurlara “ilk” sözünü əlavə edən, ilk imza atan sənətkarlarımızdandır. Yaxın vaxtlarda UASB ART Gallery-də rassamın fərdi sərgisində sərgilənən əsərlərlə, onların üslub yeniliyi ilə yanaşı, seyrçiləri heyrətləndirən bir məqamı xüsusi vurğulamaq istəyirəm. Nəvai Metin sərginin açılışında seyrçilər qarşısında canlı olaraq portret çəkməyi reallaşdırmaqla Azərbaycanda bu istiqamətdə ilk addımı atdı. Ölkəmizdə seyrçinin gözü önündə çəkilən bu ilk portret cəmi 45 dəqiqəyə ərsəyə gəldi və yaradılan obrazın düşündürücülüyü hər kəsi valeh etdi.
Nəvai Metin klassiklərin, xüsusilə intibah rəssamlarının – Da Vinçi, Van Qoq, Titsian, Rembrant və başqalarının əsərlərini hər bir rəssam üçün doyulmaz mütaliə hesab edir. Nəvai Metin bu böyük rəssamları mənəvi ustadları kimi görürsə, təhsil illərində sənətin ilk sirlərini öyrəndiyi aristokrat təbiətli, yüksək ziyalı etikasına malik, Məhəmməd Əmin Rəsulzadə nəslinin layiqli davamçısı rəssam Rəis Rəsulzadəni isə bu gün də həqiqi ustadı və müəllimi kimi yüksək dəyərləndirir.
Dahi Lev Tolstoy yazırdı ki, “gözəllik və xeyirxahlıq eyni şeydir.” Və bu gözəllik həyatı ifadə edirsə, onun əsrarəngizliyini duymağa səsləyirsə, uzun-uzadı düşündürürsə, deməli həqiqətən bizə yaşadığımızı xatırladır. İnsana yaşadığını xatırlatmaqdan böyük xeyirxahlıq isə yoxdur. Rəssamlıq, rəsm əsəri məhz belə bir gözəllikdir – heyrətamiz, sükuta dalmış kimi görünən, əslində isə hərəkətli, çılğın bir gözəllik. Nəvai Metin belə bir gözəlliyin yaradıcısıdır. Onun “Göyəzən” peyzajına baxıram. Seyr etdiyim ecazkar mənzərə, Emil Zolyanın təbirincə desək, “insan duyğusunun süzgəcindən keçmiş təbiət” məni özümdən alıb uzaqlara aparır. Qeyri-ixtiyari Səməd Vurğunun “Göylərə baş çəkir Göyəzən dağı” misrasına işarə ilə şairə verilən sualı və böyük şairin cavabını xatırlayıram. Göyəzənin təpə olduğunu bilə-bilə niyə dağ kimi təsvir etdiyini soruşan şəxsə Səməd Vurğun “hünər odur təpəni dağ kimi təsvir edəsən, dağı təpə kimi yox” cavabını verir. Nəvai Metinin “Göyəzən”i də Səməd Vurğun şeirində olduğu kimi əzəmətlidir, vüqarlıdır, həmin məğrurluğu, mətinliyi ilə dayanıb. Rəssamın bu peyzajı ilə bağlı ondan soruşurlar: “Göyəzən hardan baxanda belə görünür?” O, təmkinlə cavab verir: “Bakıdan”.
Nəvai Metin sənəti Azərbaycanın hüdudlarından kənarda da düşündürə, həyəcanlandıra bilir. Onun dəfələrlə Ankarada, Marmarisdə, İzmirdə, Kuşadasında, Elazığda keçirilən rəsm sərgiləri, həmin sərgilərdə nümayiş olunan əsərlərin yaratdığı unudulmaz təəssürat, həmçinin Türkiyənin TRT, Ege TV televiziya kanallarınının qonağı kimi çıxışlarının maraqla qarşılanması bunu bir daha təsdiqləyir. O, türkiyəli rəssamlar – Cüma Ocaklı, Süleyman Şahin, Hülya Sezgin, Savaş Simitli, Handan Kayakökü, Memik Kibarkaya kimi məşhur sənətkarlarla sıx yaradıcılıq əlaqələri saxlayır. Azərbaycan rəssamlıq sənətini Türkiyədə layiqincə təmsil edən Nəvai Metin milli incəsənətimizin bu mühüm istiqamətini lazımi səviyyədə təbliğ edir. Azərbaycanlı rəssamın Türkiyə mədəni mühitində kifayət qədər tanınması, görkəmli incəsənət xadimlərinin onun sənət uğurları haqqında yüksək qənaəti Nəvai Metinin hər iki ölkənin rəssamı kimi nüfuz qazandığının göstəricisidir. Təsadüfi deyil ki, kopenhagenli jurnalist-yazar Zeynel Kozanoğlu onun “yer üzünün geniş sənət çevrələrində Türk dünyasının bir sənətçisi olaraq ” tanındığını qeyd edir. UASB başqanı Ümit Yaşar Işıkhan yazır: “Rənglərin də dili vardır… hər tabloda anladılmak istəyən, əslində çağımızın insanının içində gizlədiyi gözləntilər vardır. Nəvai qardaşım nə xoşbəxtdir ki, bəşəriliyi aşmış evrensel bir duyarılıqla sevgi mesajını həyatla, insanla paylaşmaqdadır”.
Memik Kibarkaya “ruhuyla rəsm çəkən adam, ünü Türkiyə Cümhuriyyətinə yayılmış Nəvai Metin” yaradıcılığını yüksək dəyərləndirir. Görkəmli rəssam Cüma Ocaklı onun palitra rəssamı, rənglərlə düzgün işləyə bilən bilən sənətkar”, istanbullu sənətşünas alim, Yedi Tepe Universitetinin professoru Kaya Özsezgin “portret janrında çəkə bilmək texnologiyasını mükəmməl bilən peşəkar rəssam”, UASB qurucu üzvü İskan Kazak “Azərbaycan və Türkiyə arasında çox önəmli sərgilərə və sənət layihələrinə imza atan” incəsənət xadimi olduğunu vurğulayırlar. Ankaralı sənətkar Çoban Rəssama görə Nəvai Metin bütün Türkiyənin tanıdığı, iki ölkə arasındakı “mədəni əlaqələrin ən böyük elçisi, gözəl bir empressionist, gözəl bir rəssam”dır.
Nəvai Metin haqqında təkcə rəssamlar mühiti deyil, bütövlükdə milli-mədəni mühit yüksək fikirdədir. Bunu rəssamın yaradıcılığı, şəxsiyyəti barədə sevimli aktyorlarımız, Xalq artistləri Arif Quliyev, Ramiz Məmmədov, İlham Namiq Kamal, tanınmış şairlər İbrahim İlyaslı, Nazilə Gültac, Cığatel və başqalarının fikir və rəyləri bir daha təsdiqləyir.
Onun haqqında oxuduğum fikirlər, mötəbər sənət adamlarının qənaətləri hər iki ölkənin mədəni mühitində, Azərbaycan və Türkiyənin sənət dünyasında Nəvai Metinin mükəmməl portreti olduğu qənaətini yaradır. Bu portret yazıçı Aslan Quliyevin dediyi kimi, “rənglər və işıq dünyasının adamı”, qəlbinin işığını, dünyamızın işığını, günəşin işığını, kədərin və sevincin işığını” əsərlərinə hopduran bi rəssamın gözlərdə və könüllərdəki cizgilərinin məcmusudur.
Həyatla, insanlarla rənglərin diliylə danışan, saatlarla rəsmlərlə söhbət edən, ağ kətan üzərindəki hər yeni əsəri təzə bir ömür kimi görüb mənalandıran Nəvai Metin portretidir.