ens

NƏ TAPAR…

1987

Bu dünyayın milyon-milyon sirri var
Sualından, sorğusundan savayı.
Kim düz baxıb gözlərinə ölümün?
Qurd ürəkli doğrusundan savayı.

Ər qəzəbi çaylar kimi bulanıb,
Vaxt olub ki, dağı, daşı dolanıb
Bu dünyada kimlər yaxşı dolanıb?
Oğrusundan, əyrisindən savayı.

Öz yolundan nə vurulur, nə sapar?
İlhamıyla qaya yarar, dağ çapar.
Bu dünyada sənətkarlar nə tapar?
Ürəyinin ağrısından savayı.

QORUYAQ

İnanma naşılar çətin,
Kəsə yolunu həsrətin.
Ülvi, Təmiz məhəbbəti
Ötüb keçəri hisslərdən
Qoruyaq, sonra gec olar.

Ömrümüz qayğı dənizi,
Silkələr qayıq tək bizi,
Səmasını qəlbimizin,
Hər vaxt çənlərdən, sislərdən
Qoruyaq, sonra gec olar.

Bu elin dərdini çəkən,
Uğrunda qanını tökən,
İstedadı qönçə ikən
Bədxahlardan, xəbislərdən
Qoruyaq, sonra gec olar.

İnsanın dostu, həyanı,
Qışda çətirli dünyanı
Yazda ətirli dünyanı
Qan arzulu iblislərdən
Qoruyaq, sonra gec olar.

12.08.1973

DUYAN OLSA

Misra-misra ürək sancar sinəmdə,
Elə sanma ağrısından üzülləm.
Ömrun-günün səhərində şeh kimi,
Çiçəklərin yanağına düzülləm.

Dağ çayından ahəng alıb bu nəbzim,
Tufan olsa dalğasıyam dənizin.
Qayaların sərtliyindən, əzizim,
Göz yaşıtək damcı-damcı süzülləm.

Bir vüsalın güneyində gözüm var,
Hələ onun zirvəsində gözüm var,
Bu dünyada mənim bircə üzüm var,
Duyan olsa bir baxışdan sezilləm.

Arzularım, duyğularım təzə-tər.
Qara bulud görən kimi tez ötər.
Hədəfindən yayınsa da nə qədər,
Dəyər bir gün hədəfinə söz gülləm.

Daha məni xəyalına gətirmə,
Yollarında, izlərində bitirmə,
Demədimmi, gülüm, məni itirmə,
Tapammazsan axtarsan da yüz ilnən.

1980

DÜNYADAN – 20.01.1999

Vətəni min yerə böldü nadanlar,
Çətin vətənsizlər bu dərdi anlar.
Hər dərdin əlacı olan loğmanlar,
Getdi özləri də naçar dünyadan.

Eşit canım, gözüm, bu həyat ki var.
Kimiyə qapazdır, kimyə tumar.
Nəfəsi tox, bir ürək məhəbbət umar
Nəfsə qul, var-dövlət qucar dünyadan.

İsgəndər qılıncı olmasa ağlın,
Kəsilməz heç zaman düyünün, bağlın.
Cini şüşəsindən çıxan nağılın
Gəzmə kilidinə açar dünyadan.

Bu qədər zülm olmaz, bu qədər əzab,
Filəm ki, bu dərdə gətirmişəm tap.
Fələyin özüylə çəksəm haqq-hesab
Başını götürüb qaçar dünyadan.

Yaşama möhnətin əli əlində
Sevincin bəmində, qəmin zilində.
Sibirel, bir ömrün dar mənzilində
Heyfini almağı bacar dünyadan.