Səadəs-Sabah
Küveytli şairə Səad Məhəmməd Sabah (Səadəs-Sabah) yazıçı və tənqidçidir. Siyasət və iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Ərəbdilli şairə fransız və ingilis dillərini mükəmməl bilir. 1985-ci ildə “Səad” Nəşriyyat Evini təsis edib. Səadəs-sabah dünya miqyaslı ədəbiyyat və poeziya üzrə bir çox mükafatlara layiq görülüb. Onun feminist düşüncəsinin və lirikasının gözəlliyindən dolayı, adı böyük ərəb şairəsi Qadəs-səmman ilə yanaşı çəkilir.
***
Bu qədər kitabları sevdiyini bilsəydim əgər
bütün geyimlərimi
kitabçıdan alardım.
Məni çox rahat oxu
Məni ərəbcə kimi
Sağdan sola oxuma.
Məni latın dili kimi
Soldan sağa oxuma.
Məni Çin dili kimi
Yuxarıdan aşağıya oxuma.
Məni çox rahat oxu,
Günəş yaşıllığı,
Sərçə çiçəyin kitabını oxuyan kimi…
Sən eşqi qohumluq məsələsi kimi bilməyən
birinci aydın düşüncəli…
yatağı danışıq üçün tribunaya çevirməyənin birisisən…
bilirəm,
mən sənin həyat üçün birinci qadının,
amma hər gün bizimlə birlikdə qəhvə içən İblis
məni həvəsləndirir,
səndən soruşam ki,
ikincisi kimidir?
Bir kişini tanıyıram
Dünyada olan kişilər sırasında
Keçmişimi iki yerə bölən bir kişini tanıyıram.
Məni öz quluna çevirən birisi,
Məni azad edən,
Toplayan,
Ayıran,
güclü əllərinin arasında gizlədən birisini tanıyıram.
Dünyada olan kişilər sırasında
Bir kişini tanıyıram,
Yunan Tanrılarına bənzər,
Gözlərindən şimşəklər işıldayan,
Ağzından yağışlar yağan…
Bir kişini tanıyıram,
Ormanlığın sonunda nəğmələr oxuyanda
Ağaclar arxasınca yeriyərlər…
Dostum ol
Vaxtaşırı ürəyim səninlə yaşıllıqların üzərində
yerimək istəyəndə,
səninlə şeir kitabı oxumaq istəyəndə,
səni dinləmək istəyəndə,
mən xoşbəxt bir qadına dönürəm,
Ey Şərq kişisi,
Nədən mənim üzümə valeh,
Nədən gözümün sürməsini görürsən,
Ağlımı görmürsən?..
Və mən bir yer misali
Suyun danışığına möhtac…
Nədən mənim qızıl qolbağımı görürsən?
Nədən səndə bir hökmran var?
Dostum ol mənim,
Dostum ol…
Eşq
Eşq bir çevrilişdir,
Can mayasında
Cəsarətli üsyandır
əşyanın düzümünə…
Və səndə olan vəcd
təhlükəli vərdişdir,
ondan can qurtarmağın yolunu bilmirəm ki…
Və sənin eşqin
böyük günahdır…
arzu edirəm,
arzu edirəm ki,
heç zaman bağışlanmasın!
Yuxu
Dünən gecə bir yuxu gördüm –
Sənin gözlərində üzən
bir balıq olduğumu gördüm…
qorxudan sənə yuxumu danışmadım
Qorxdum ki,
Yumarsan gözlərini mən boğularam…
Bilməzdim
Heç bilməzdim
Sevgi məktublarının bir gün
saatlı bombaya çevrilə biləcəyini
toxunduğunda partlayacağını…
Bilməzdim
sevgiyə bulaşan cümlələrin
gilyotinə dönə biləcəyini…
Bilməzdim
insanın sevgi məktubları ilə həyatda qala biləcəyini…
Və yenidən oxuduğunda
ölə biləcəyini…
Söylə
Söylə bilim,
məndən öncələr sevmisənmi başqa qadını?
Eşq içində özünü itirən bir qadını?
Söylə,
De ki,
Yasəmən ormanlığına vurulan qadının sonu necə olar?
Söylə,
Kölgə ilə gerçəkliyin arasındakı oxşarlığı bilim.
Göz ilə sürmə arasındakı bənzərliyi…
Qadının sevgidə nəyə çevrildiyini söylə,
Yarısının kopiyasımı?
Mənə bir söz söylə,
Elə söz ki,
məndən başqa heç bir qadın onu eşitməsin.
***
Divanəliyimin yoxdur sonu,
elə ağlımın da…
Dəcəlliyimin yoxdur sonu…
Ey azadlığımdan
rahatsız olan kişi,
ey çiçəklərin qorxmazlığından qorxan…
Bu mənəm –
Doğulduğumdan qadınlığım əzgin,
Duyğularım yandırıb-yaxan…
Acı küləklər
Sahillərimi qamçılayan…
Bu mənəm –
Aşiq olduğumdan
Yelkənlərim azad,
Saçlarım azad,
damarlarım açıq,
axan çaylarım bəndləri qıran…
Burulğanla qarşı-qarşıya olsam da,
mənə yoxdur tərəddüd, mənə yoxdur qorxu…
Mən bir qadınam,
heç bir sərhədi özündə sığdırmayan…
Tərcümə edən: Ümid Nəccari
Mənbə: https://azertag.az/