her-seye-xeyir-gozu-ile-baxmaq-ymk

Hadisələri xeyir gözü ilə dəyərləndirməmək, daim narahatlıq və qorxu içində olmaq, ümidsizlik və kədər imanın qəlbə tam yerləşmədiyinin əlamətidir.

Hadisələri xeyir gözü ilə dəyərləndirməmək, daim narahatlıq və qorxu içində olmaq, ümidsizlik və kədər imanın qəlbə tam yerləşmədiyinin əlamətidir. Möminin isə heç nəyə kədərlənməməsi, bədbinliyə qapılmaması onun Quran əxlaqını doğru anladığının göstəricisidir. Hadisələrə xeyir gözü ilə baxmaq, əslində, cəmiyyətdə əksər insanların tez-tez dilə gətirdiyi ifadədir. İnsanların çoxu baş verən gündəlik hadisələrdə “bir xeyir var” və ya “xeyirdir inşaAllah” kimi sözlərdən istifadə edir. Ancaq bu ifadə, əsasən, ya vərdişdən, ya da xalq arasında ənənə olduğuna görə işlədilir. Halbuki bu insanların əksəriyyəti hər işə xeyir gözü ilə baxmağın, əslində, nə demək olduğunu və necə tətbiq edildiyini dərk etmir.

İnsanın yaxşı və ya pis, müsbət və ya mənfi kimi görünən bütün hadisələrə mütləq xeyir gözü ilə baxması Allaha səmimi imanından və mühüm bir həqiqəti bilməsindən irəli gəlir. Bu həqiqəti dərk etmək insana dünya və axirətdə böyük uğur qazandırır, həyatına rahatlıq verir.

Allaha iman gətirən bir insan çatışmazlıq və ya xəta kimi görünən hadisə ilə qarşılaşdıqda bunun özü üçün mütləq ən xeyirlisi olduğunu bilir. Qədərə iman gətirdiyinə görə “heyif”, “kaş ki” kimi sözləri həyatından tamamilə çıxarır. Yəni “bu hadisə xeyirlidir, lakin növbəti dəfə eyni səhvi etməyim, bu hadisədən ibrət götürüb doğrunu edim”, – deyə düşünür.

İnsan yenidən eyni çətinliklə qarşılaşsa və ya eyni səhvi etsə belə, hər şeyin xeyir və hikmətlə yaradıldığını əsla unutmamalı və növbəti dəfə doğru olanı etməyə niyyətlənməlidir. Hətta eyni hadisə dəfələrlə təkrarlansa da, müsəlman bunun xeyir olduğunu bilməlidir. Çünki bütün hadisələr ən kiçik təfərrüatına qədər Rəbbimizin nəzarəti altındadır.

Axirətdə peşman olmamaqİnsan Rəbbimizdən fasiləsiz olaraq xeyir və hikmət gəldiyini bilsə, qəlbi rahat olar. Bu həqiqəti qavramaq mömin üçün böyük nemətdir. Dindən uzaq yaşayan insan mənfi kimi görünən hər hadisəni öz əleyhinə dəyərləndirdiyinə görə daima sıxıntı çəkir. Mömin isə daima hikmət və xeyir gözü ilə baxmağın sevincini yaşayır.

Hadisələrə şər gözü ilə baxmaq Quran əxlaqına ziddir və insanın axirətdə peşman olmasına səbəb olar. Çünki Allahın müəyyən etdiyi qədər qüsursuz yaradılmışdır.

İnsan tələskən olduğuna görə bəzən başına gələn hadisədəki xeyiri dərhal görməz. Həmin an bunu görə bilmədiyinə görə də öz zərərinə olan şeydə inadkarlıq edə bilər. Allah Quranda insanın bu tələskən cəhətini bildirmişdir: “İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir”. (İsra surəsi, 11)

Halbuki insan doğru və yaxşı hesab etdiyi şeylərdə israr etməməli, bunları əldə etmək üçün tələsməməli, Allahın qarşısına çıxardığı hadisələrdəki xeyir və hikmətləri görməyə çalışmalıdır. Məsələn, maddi imkanının artmasını istəyən insan bunun üçün səy göstərər. Ancaq səyinə baxmayaraq bu istəyi reallaşmaz. Əgər insan bu vəziyyəti öz əleyhinə zənn edərsə, yanılar. Əlbəttə, hər kəs Allah yolunda sərf etmək üçün qazancını artırmağa çalışar və bunun üçün dua edər. Ancaq bu, həyata keçmirsə, deməli, böyük xeyir var. Bəlkə həmin şəxsi əldə edəcəyi var-dövlət Allahın yolundan azdıracaq, şeytanın tələsinə salacaq. Belə bir hadisənin ardında insanın yaxın zamanda görəcəyi və ya axirətdə qavrayacağı bir çox xeyir gizlənə bilər.

Hər insan həyatında çatışmazlıq kimi görünən hadisələrlə qarşılaşmış, sonra bu hadisələrin nə qədər xeyirli olduğunu görmüşdür. Ancaq unutmaq olmaz ki, insan çatışmazlıq kimi görünən hadisələrin xeyirli tərəfini həmin vaxt qavramaya bilər və hadisələrin xeyrini illər sonra öyrənə bilər və ya heç öyrənə bilməz. Bəlkə də Allah qarşısına çıxan çətinliyin xeyrini ona axirətdə göstərəcək. Təvəkkül etmiş və qədərə təslim olmuş insan hər hadisəni xeyir gözü ilə dəyərləndirməli və Allahdan razı olmalıdır.

Qeyd etmək lazımdır ki, xeyir gözü ilə baxmaq hadisələrə laqeyd yanaşmaq demək deyil. Əksinə, insan başına gələn hadisələrdə əlindən gəldiyi qədər tədbirli olmalı, hər yola əl atmalıdır. Cahiliyyə əxlaqında hər hadisəyə laqeyd qalan bəzi insanlar var. Belə insanlar həm laqeydliklərinə, həm də sadəlövh hərəkət etdiklərinə görə ağıllı davranmazlar. Allah bir ayədə belə bildirir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 22-23)