Qarabağda talan var,
Zülfün üzə salan var.
Getmisən tez qayıt gəl,
Gözü yolda qalan var.
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında şübhəsiz ki, ziyalılarımızın, ədiblərimizin də rolu böyükdür. Şairlərimiz və yazıçılarımız əsgərlərimizi ruhlandırmış, vətənə məhəbbəti tərənnüm edən əsərlər yazmış, qəhrəmanlarımızın şərəfli ömür yolunu işıqlandırmış, tarixi faktları yerində işlədərək vətəni və xalqı qarşısında öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmişlər. Görkəmli yazıçımız Hüseynbala Mirələmovun Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə 2002-ci ildə yazdığı «Xəcalət» povesti də bu baxımdan çox təqdirəlayiqdir.
Əsərin əvvəlində müəllif, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın acınacaqlı həyatını, qarşılaşdığı problemləri gözlərimizin önündə canlandırmışdır. Vaxtilə öz yurdlarında geniş evlərdə yaşayan, məsul vəzilərdə çalışan bu insanlar indi yaşayış üçün yararsız şəraitdə məskunlaşmış, bir parça çörək üçün “qul bazarında” işləyirlər. Ən acınacaqlısı isə budur ki, «ətraf binalarda yaşayanlar bu hay-küylü, əsəbi adamlara ikinci dərəcəli “məxluq”lar kimi baxırlar», onların nə xeyir işinə, nə də şərinə şərik olurlar. Yazıçı Vətənin timsalında övladına dərman ala bilməyən qürurlu atanın keçirdiyi mənəvi iztirabları, Didar kimi çalışqan şagirdin sinif yoldaşlarının qarşısında yaşadığı şəraitə görə utanc yaşamasını çox real lövhələrlə təsvir etmişdir. Bununla da o, bu acı taleyi yaşayan soydaşlarımıza qarşı oxucularında təəssübkeşlik, mənəvi dəstək və başqa humanist hisslərin baş qaldırmasına nail olmuşdur.
H. Mirələmov bu əsəri vasitəsilə hadisələrin mahiyyətinə enərək tarixi faktları göstərmiş və milliyyətindən asılı olmayaraq bütün oxucularını düzgün nəticələr çıxarmağa səsləmişdir. Müəllif, vətənini müqavimətsiz təslim edibsiz deyənlərə cavab verərək əsərin lap əvvəlindən tarixi şəraiti real əks etmişdir: «…Müqavimətin xeyri yox idi. İki gün əvvəl Sovet əsgərləri fövqəladə vəziyyət rayonu komendantının əmri ilə kəndi ələk-vələk eləmiş, camaatın öv tüfənglərini də sonuncu pistona, gilizinədək yığmışdılar. Bu məlumat quduzlaşmış erməni yaraqlılarına çatdırılmışdı. Odur ki, hər tərəfdən hücuma keçmişdilər. Kəndi müdafiə edən cavanlar qərara almışdılar ki, axşam olan kimi arvad-uşağı mühasirədən çıxarsınlar. Ətraf qarla örtülmüşdü. Həmin il qış bərk gəlmişdi. Ayazlı gecələrdə sazaq insanın iliyinə işləyirdi. Bu qarda-boranda bir yana gedib çıxmaqmı olardı? Bu fikrin özü elə gecənin qatran zülməti kimi müəmmalıydı. Hər halda, başqa çıxış yolu da yoxuydu».
Bu səhfələri oxuyanda, yurdlarından didərgin düşmüş qaçqınlarımızın acı həyat hekayətlərini gözlərimizin qarşısında canlanır və biz müəllifin fikirləri ilə razılaşmaya bilmirik. Doğrudan da bu əliyalın insanların soyuqlu-şaxtalı qış gecəsində ailələrini, uşaqlarını sağ-salamat qurtara bilməsi belə böyük qəhrəmanlıqdır. Bundan əlavə yazıçı onu da qeyd edir ki, azərbaycanlılar burada yalnız vəhşiləşmiş ermənilərlə yox, həm də bizim vətənimizlə bağlı məkrli niyyətləri olan daha böyük düşmənlərlə savaşırdı. Bu düşmənlə savaşmaq üçün isə nə lazımi hərbi texnika, nə də hərbi səriştə var idi. Müəllifin özünün dediyi kimi: «Sadə bir həqiqətə diqqət yetirək. İndiyə kimi Azərbaycandan hərbi xidmətə çağrılanların doxsan-doxsan beş faizi tikinti batalyonlarına göndərilib. Onların hərbi sirlərə yiyələnməsinə imkan verilməyib».
Təəssüfləndirici haldır ki, müstəqilliymizi böyük qurbanlar bahasına qazandığımız həmin dövrdə Azərbaycanın daxili siyasətində də hərc-mərclik hökm sürürdü. Hökümət başına gah Sovert imperiyasının diktəsi ilə oturub-duran, gah da təsadüfən məsul vəzifəyə gəlmiş, heç bir siyasi səriştəsi olmayan adamlar gəlirdi. Bu isə onsuzda keçid dövrünü yaşayan dövlətin zəifləməsinə, həm də ordunun intizamsızlığına səbəb olurdu. «…Bakıda siyasi gərginlik artır, əhali Qarıqışlaq, Xocalı faciəsinin şokundan qurtula bilmirdi. Ölkə rəhbərliyi nəinki Qarabağı müdafiə etmək, heç öz hakimiyyətini qorumaq iqtidarında belə deyildi. Yazda siyasi mübarizə, hakimiyyət kreslosu uğrunda dartışma nəticəsində Azərbaycanın rayonları bir-bir işğal altına düşdü. Nəinki Xocalı qisası alınmış, üstəlik Şuşa getmiş, Laçın da işğal olunmuşdu. Bir-birinin arxasınca dəyişən nazirlər, digər səlahiyyət sahibləri bəylik taxtında əyləşibmiş kimi kişilikdən, qeyrətdən danışa-danışa acizləşir, çiyinləri üstündə onları hakimiyyətə gətirmiş xalqdan ayrı düşürdülər».
Povestdə tarixi faktlara əsasən ümummilli liderimiz Heydər Əliyevin müxtəlif zaman dönəmlərində, siyasi rejimdən asılı olmayaraq vətən və xalq qarşısında etdiyi xidmətlərindən bəhs edilmişdir. Bundan əlavə yazıçı Heydər Əliyevi xalqın və vətəninin xilaskarı kimi səciyyələndirilə bilmişdir. Yazıçı, H.Əliyevin hələ Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdən xalqın müstəqillik ideyalarının carçılarına dəstək olmasını, Respublikanın I katibi işləyən zaman Azərbaycanın siyasi-iqtisadi inkişafında, bir çox zavod-fabriklərin tikilməsində, tələbələrin ali hərbi təhsil almasına rəvac verməsində böyük rolu olduğunu qeyd etmişdir. Bundan əlavə müəllif, H.Əliyevin dövlətimizin dar günündə bir çoxları kimi vətənini tərk etməyib vətəninə dönərək asayişi bərpa etməsini və erməni işğalının dayandırılmasıni da yüksək qiymətləndirmişdir.
Müəllif, hələ keçən əsrin əvvəllərində N.Nərimanov, C.Cabbarlı, S.S.Axundov və başqalarının təbliğ etdiyi xalqlar dostluğu ideyasının da carçısı olmuşdur. Yuxarıda adlarını sadaladığımız yazıçılar da erməni-müsəlman davasının xarici qüvvələr tərəfindən idarə edilən daşnaqların məkrli siyasətinin nəticəsi olduğunu göstərirdilər. Uzun illər dinc və mehriban qonşu münasibətində yaşayan bu xalqları zaman-zaman daşnaqlar öz fitnə-fəsadlarının qurbanına çeviriblər. Düzdür yazıçının da əsərdə qeyd etdiyi kimi daşnaqlar xadimədən tutmuş, orta məktəbdəki şagirdə qədər öz ideyalarını təbliğ edir, təhrif etdikləri tarixi dərs kimi keçirlər. Lakin bunların felinə uymayan, hətta qonşunu və ya dostunu dar məqamda ölümdən xilas edənlər olmuşdur.
Əsərdə daşnaqların hələ 60-ci illərdə xalqımızın başına gətirdiyi çirkin əməllərdən də söhbət açılmışdır. Burada Stepanakert Pedaqoji İnstitutunun dosenti Ərşad Qasımov, Eldar Zalıyev, Toğrul Mənzili kimi ziyalılar sərxoş ermənini öldürməkdə günahlandırılaraq edam cəzasına məhkum olmuş, bununla da daşnaqların urəyi soyumayib onları maşında diri-diri yandırmışdılar. Lakin çox keçmədən «Heydər Əliyev artıq Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi, ermənilərin törətdiyi bu cinayətin açılmasına bilavasitə özü rəhbərlik etdi, günahkarların cəzalandırılmasına nail oldu. Azərbaycan respublikasına rəhbər seçiləndən sonra isə plenum çağırdı, vilayətdə erməni daşnaklarının törətdiyi vəhşiliyə siyasi qiymət verdi. Az vaxtda Xankəndində təzə abhava yarandı. İki xalq arasında millətçilik toxumu səpənlərin əksəriyyəti cəzasını aldı».
Ümumiyyətlə, Hüseynbala Mirələmovun «Xəcalət» povesti tarixi hadisə və faktlarla zəngindir. Burada Qırxqız dağı, Bağrıqan dağı, Marağa abidəsi və başqa yer adlarının etimologiyası, yaranması haqqında maraqlı məlumat verilir. Bundan başqa müəllif, xalqımızın Çar Rusiyasına qarşı mübarizə aparan müridizm hərəkatının üzvlərindən olan Mir Həmzə Seyid Nigaridən də böyük ehtiramla söhbət açmışdır. Məlum olduğu kimi nəqşibəndi təriqətinin mürşüdlərindən olan bu böyük şair qürbət eldə yaşayıb-yaratsa da doğma elini heç vaxt unutmamış, Qarabağın şəninə bir sıra şeirlər ithaf etmişdir. Povestin əsas qəhrəmanı olan Vətən və onun həyat yoldaşı Fərqanə 1937-ci ildə Qarabağdan Qazaxıstsana sürgün edilmiş minlərlə ailələrin övladlarındandır. Onlar vətəndən sürgün edilərkən təbərrik kimi Mir Həmzə Nigarinin əlyazmasını özü ilə aparmış və vətəninə qayıtdıqdan sonra da, yenidən qaçqın həyatında da onu göz bəbəyi kimi qoruyub saxlamışlar. Yaxşı ana şəhid olanda oğlu Vətənin onun başı üstündə məhz Həmzə Nigarinin Qarabağa həsr etdiyi şeirini oxuması da təsadüfi deyil. Yaxşı ana bu kitabı ömrü boyu qoruyub saxlamış və qaçan anda da ən zəruri sənədlərlə yanaşı bu kitabı götürmüşdür. Əsərin baş qəhrəmanı olan Vətənin bu kitabı oxuduqca yaşadığı gərgin anları, yol boyu Qarabağ şeirinin onu müşaiyət etməsi povestin ən təsirli yerlərindəndir: «Oxuduqca, əli üzülən doğma yerlərin bulaqları, barlı-bəhərli bağları, dərələri, meşələri, güllü-çiçəkli yamacları gözlərinin önündən keçirdi. Bir də nə vaxt bu yerlərə dönəcəyini düşünürdü. Nə qədər ağır anlar yaşasa da, içində bir inam ocağı közərirdi».
Gəlin, ey əhli-könül, artıb azarım, eşidin,
Yox rəvacım, kəsilib biinəzarım, eşidin,
Pozulub rövnəqi-gülzari-baharım, eşidin,
Qalmayıbdır, tükənib leylü-naharım, eşidin…
Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
H. Mirələmov əsər boyu xalq bayatılarından, məsəl və rəvayətlərindən də istifadə etmişdir ki, bu da əsərə daha da həyati, doğma çalarlar qatmışdır. Yazıçının digər əsərlərində olduğu kimi «Xəcalət» povestində də adlar xüsusi məntiqlə seçilmişdir. Müəllif də adlarla bağlı bu fikri öz əsərində belə təsdiqləmişdir: «Vətən bəlkə indiyəcən fərqinə varmamışdı ki, hər adın arxasında bir tarix var. Sən demə, bəzi adların doğuluşu da, yaranışı yaşanmış əzablar, insanın məruz qaldığı iztirablardır». Əsərin əsas qəhrəmanının adı Vətəndir. Vətən çoxlu müharibələr, qanlı vuruşmalar, sürgünlər görmüş Ana vətənin özüdür. Fərqanə-sürgünlərdə ömürlərini çürütmüş soydaşlarımızın ağrılı taleyidir. Didar, Qəmxar da bu zülmləri görmüş vətənin övladlarıdır. Murad-vətənin yolunda əzablara dözən, sonra onun köməyinə çatan və nəhayət Vətəni muradına çatdırandır.
Fikrimizi yazıçının bir fikri ilə tamamlamaq istərdik: «Bəstəkar Aram Xaçaturyan haqqında eşitmisənmi? “Spartak” baletini qədim “Cəngi”mizin notları əsasında yazıb. Azərbaycan musiqisindən yetərincə bəhrələndiyini etiraf edib. Day, Zori Balayanlar kimi ağına-bozuna baxmadan hər şeyi erməniləşdirməyib».
Bildiyimiz kimi Ermənilərin xalqımıza olan soyqırımı demək olar ki hər gün davam edir. Folklorumuzu, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, milli mətbəximizi, adət-ənənlərimizi, qədim abidələrimizi həyasızcasına öz adına çıxardırlar. Gəlin torpaqlarımızın iyirmi faizindən çoxu erməni tapdağı altında qaldığı və minlərlə soydaşımızın qaçqın həyatını yaşadığı vaxtda ən azından bir oxucu kimi hərə öz vətəndaşlıq börcumuzu layiqincə yerinə yetirək, tariximizi öyrənək və ona sahib çıxaq!
Babayeva Məlahət Ramiz qızı
ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi