12107763_547033358793642_2666399707952423352_n

Ağıl – Allahın insana dünya həyatında lütf etdiyi ən gözəl nemətdir. Hər kəsin sahib olmaq istədiyi, insanlarda görüb bəyəndiyi üstün keyfiyyətdir.

Bu yazını yazmaqda məqsədim insanların çoxunun ağıl məfhumunu savad və zəka ilə qarışdırmalarıdır. Ancaq zəka və ağıl tamamilə fərqli şeylərdir. Elə isə “gerçək ağıl nədir?” onu araşdıraq. Ağılı zəka və savaddan fərqləndirən cəhət nədir? Necə ağıllı insan olmaq olar? suallarına cavab axtaraq.

Öncə onu deyim ki, ağılın qaynağı Allah qorxusudur. Bunu Quran ayəsinə baxarkən anlayırıq: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər…” (Ənfal surəsi, 29). Haqla nahaqqı ayırd etmə bacarığına isə “fərasət” deyilir. Bu anlayış ağıllı insanın göstərdiyi davranışdır. Çünki ağıllı insan dərin qavrayışa sahib ola bilər, bu qavrayış isə bəsirətdir. Bəsirət anlayışı Quranda bizə təfsilatı ilə izah edilir. Quranda bildirilən ağıl, yəni bəsirət ruhda yaşanan mənəvi xüsusiyyətdir. Dolayısı ilə, ağıl beyinin bir funksiyası olan zəkadan fərqlənir. Yəni ağıl vicdanın da olduğu qəlbdə yerləşir. Bu, Quranda açıq-aşkar bildirilir:
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Həcc surəsi, 46)

Ağılı zəka və savaddan fərqləndirən xüsusiyyətlərdən biri də ağılın artıb-azalması, zəkanın isə sabit, dəyişməz qalmasıdır. Ağıl insanın vicdanı ilə əlaqəlidir. İnsan vicdanını nə qədər çox dinləsə, ağlı da artar. Zəka isə insanın beyni zədələnərsə, zəifləyə bilər. Beyin zədələnməsə, insanın zəkası dəyişməz, sabit qalar. Zəkalı, savadlı insan elmi kəşflər edə, dövrünün tanınmış adamı və görkəmli şəxsiyyətlərindən biri ola bilər. Hər kəs savadlı və zəkalı ola bilər, ancaq ağıl yalnız iman gətirənlərə məxsus xüsusiyyətdir.

Sizə bir misal verim. Pula, mal-dövlətə hərisliyi olan insan düşünün. Bu hərislik həmin insanın ağlını o dərəcədə örtər ki, bu vəziyyətdə olan insan ancaq “necə daha çox pul qazanım, dövlətli olum”, – deyə düşünər. Bəlkə də, varlı olar və hər şeyə sahib olar. Amma bu var-dövləti qazanmaq üçün ağılı, bəsirəti o qədər bağlanar ki, yardıma ehtiyacı olana kömək etməz, ətrafında baş verən hadisələrə laqeyd yanaşar və qəlbi qatılaşar. Həmin insanı kənardan izləyənlər “necə də ağıllıdır, fərasətlidir. Pulunun qədrini bilir, ətrafa dağıtmır”, – deyə düşünərlər. Ancaq həmin var-dövlət o insana axirətdə bir fayda verməz, əksinə, əzabını artırar (Doğrusunu Allah bilir). Ağıllı insan isə heç nəyə hərisliklə bağlanmaz, hər şeyi yaradanın Allah olduğunu bilər, öz acizliyini, Allahın isə sonsuz güc sahibi olduğunu görər, bunu dərk edər, köməyə ehtiyacı olana yardım edər, Allahın onun qarşısına çıxardığı hər fürsəti dəyərləndirər.

Son olaraq qeyd etmək istəyirəm ki, ağılı insana Allah verir və dilədiyi anda da geri alır. İnsanın ağlının artması onun qəlbinin Allahın zikri ilə dolmasından asılıdır. İnsan öncə Allaha dua edərək bunu Ondan istəməlidir və unutmamalıdır ki, ağıl Qurandan qaynaqlanır, ağılı bizə Quran verir. Zəkalı insan Qurana tabe olduqda ağıllı olur. İnsan qəlbini nə qədər təmiz saxlasa, qısqanclıqdan, təkəbbürdən, kin-küdurətdən təmizləsə və nə qədər çox vicdanına uysa, bir o qədər Allaha yaxınlaşar və ağıl sahibi olar.

Sevinc Haqverdizadə