Uşaqların hər zaman xoşbəxt olduğunu hamımız bilirik. Ən ağır şəraitdə, ən məhdud imkanlar içində yaşayan uşaqları xəyal edin, onların mütləq sevinəcək bir səbəbləri var. Uşaqların sevinməsi üçün bahalı oyuncağa ehtiyacları yoxdur, bir ağacın budağı belə onlara oyuncaq olur, sevindirir onları. Bu, əslində, bütün insanların mükəmməl bir fitrətlə doğulmalarından irəli gəlir.
İnsanın əsil fitrəti sevinclidir, sevgi doludur, ruhları, bədənləri sağlamdır. Ancaq zaman keçdikcə Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərin mənfi təsirləri insanların həyatını qaraldır, bədbəxtliyə sövq edir onları. Allaha təvəkkülü, qədərə təslim olmağı bilməyən insanların təbii ki, xoşbəxt olmaları mümkün deyil.
İnsanların bir çoxu xoşbəxt ola bilməmələrini maddi vəziyyətləri, yəni böyük ölçüdə maddiyyatla əlaqələndirirlər. Sanki dünyanın ən varlı insanı olsalar, heç bir problemləri qalmayacaq, xoşbəxtliyi tam əldə edəcəklər. Ancaq xoşbəxt ola bilməməyin səbəbi bu deyil. Bunun tək səbəbi iman zəifliyidir, Allahdan uzaq yaşamaqdır.
Əgər insan Allahın varlığından tam əmin olsa, bütün qəlbi ilə Allaha inansa, cənnətin varlığına tam əmin olsa, niyə xoşbəxt ola bilməsin ki? Bu qeyri-mümkündür. Qəlbi Allaha tam bağlanmış, hər şeyin bir qədər üzrə yaradıldığını, dünyanın gəlib-keçici bir imtahan yeri olduğunu bilən insan ac qalsa, susuz qalsa, evsiz-eşiksiz qalsa, ağır xəstəliyə tutulsa da sevinc içində olar, əsla bədbəxt ola bilməz.
Allahın varlığına iman gətirmiş, axirət inancı olan bir insan ətrafında gördüyü hər şeyin varlıq səbəbinin Allah olduğunu bilir. Bu şüurla ətrafına baxan insan Allahın insanlar üçün yaratdığı, saymaqla bitməyən gözəllikləri hər an dərk etmə xüsusiyyətinə malik olur. Allahın yaratdığı gözəllikdən və sənətdən böyük zövq alır.
Ancaq iman tərəddüdü, iman zəifliyi olduqda, öldükdən sonra yox olma inancı olduqda, axirət inancı olmadıqda insanların canı yanır. Ən xırda səbəb onların narahat olmalarına səbəb olur. İmanı zəif olan bir insan qarşılaşdığı hər çətinliyin, əslində, bir imtahan olduğunu düşünə bilmir. Bəzən qarşılaşdığı çətinliklər onu üsyana sövq edir. İmanı güclü olan insan isə nə qədər böyük çətinliklərlə, imtahanlarla qarşılaşırsa-qarşılaşsın, bunlara səbir etdiyinə görə axirətdə Allahın ona cənnətini nəsib edəcəyi ümidi ilə sevincli və xoşbəxt olur. Güclü iman insana hər zaman dinclik, sevinc, gözəllik, zehin açıqlığı və güclü ağıl verir. İmanlı insanlar çox ağıllı olurlar.
İman zəifliyinin tək çarəsi qəlblərin Allaha yönəlməsində, Allahın yaratdıqları üzərində dərin düşünməkdədir. Yəni insanı imana gətirən və imanın artmasına səbəb olan həqiqətlər, yaradılış möcüzələridir. Bu dəlillər üzərində dərin təfəkkür edən hər vicdanlı insan Allahın varlığını və böyüklüyünü açıq şəkildə görərək iman gətirər.
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran surəsi, 190-191)
Bunun üçün qəlbləri Allahla birlikdə olan, Allaha səmimi bağlı olan insanlar var gücləri ilə Allahın varlığının dəlillərindən bəhs etməlidirlər. Allahın yaratdığı canlılardakı bənzərsiz xüsusiyyətlər, möhtəşəm incəliklər Allahı daha yaxından tanımağımıza, Allahın varlığına tam iman gətirməyimizə, Allaha bəslədiyimiz sevginin qat-qat artmasına səbəb olacaq.
“… hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!” (Taha surəsi, 123)
Xəyalə SƏFƏROVA