Türiyənin mötəbər ədəbi təşkilatı sayılan, dünya ədəbi mühitində böyük nüfuz qazanmış, geniş miqyasda tanınıb-sevilən şair, yazar, alim və tərcüməçiləri öz ətrafında toplayan, onların yaradıcılıqlarını beynəlxalq aləmdə təbliğ edən Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun üzvləri İtaliyada Uluslararası Ədəbiyyat festivalnda bir araya gəldilər. İtaliyanın Pablo Neruda Mədəniyyət Mərkəzinin və KİBATEKin birlikdə düzənlədiyi 39-cu Uluslararası Ədəbiyyat Festivalı dünyanın müxtəlif ölkələrinin – İtaliya, Türkiyə, Azərbaycan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İraq, Hindistan, İrlandiya, Kanada, Rumınya, Hollandiya, Almanya, Albaniya, Belçika, Filippin, Çili, Bosniya-Hersoqovinya ədəbiyyatçılarını, ziyalılarını İtaliyada bir araya gətirdi. KİBATEK idarə heyəti üzvlərinin 17 fevralda Roma gəzintisindən başlayaraq ölkənin mədəniyyəti və tarixi abidələri ilə tanışlığı dərin təəsüratlarla yadda qaldı. Romanın Kolizey, Vatikan, Fontane Truve kimi dünyanın ən qiymətli mədəni-tarixi abidələrindən sayılan qədim məkanları ziyarət edildi.
18 fevralda qatarla Romadan Bari şəhərinə gələn KİBATEK heyəti Pablo Neruda Mədəniyyət Mərkəzinin rəsmi nümayəndəliyi tərəfindən böyük hörmət və ehtiramla qarşılandı. Festival iştirakçılarının şərəfinə Taranto şəhərində İtalyan Dəniz Qüvvələri Komandanlığının Circolo Ufficialidə verilən festival açılış ziyafətində müxtəlif ölkələrin ədəbiyyatçıları bir-birilə tanış oldular. Pablo Neruda Mədəniyyət Mərkəzinin prezidenti professor Saverio Sinopoli, onun müavini Maria Miraqlia, KİBATEK-in qurucusu və fəxri başqanı Fəyyaz Sağlam, festivalın bədii işlər üzrə direktoru Massimiliano Raso qonaqları bir-birinə təqdim edərək onlar haqqında verdikləıri məlumatlarla ilkin tanışlığa yardımçı oldular.
19 fevralda Bari Aldo Moro Universitetində Sala del Centro Polifunziole konfrans salonunda KIBATEK Uluslararası Ədəbiyyat festivalı gerçəkləşdi. Lino Patrunonun aparıcılığı ilə keçirilən festivalda Maria Miraqlia giriş sözü ilə çıxış edərək bu möhtəşəm ədəbi tədbirin keçirilməsi zərurətini yaradan amillərdən bəhs etdi. O, beynəlxalq səviyyədə keçirilən belə tədbirlərin dünyada qlobal problemlərin baş alıb getiyi bir vaxtda daha səmərəli olduğunu, müxtəlif millətlərin ədəbiyyat adamlarının sözə, söz sahibinə sevgisiylə əslində dünyaya barış toxumu səpdiyini vurğuladı. Maria Miraqlia xanım bu festivalın İtaliya-Türkiyə, İtaliya-Azərbaycan, İtaliya-Kanada, İtaliya-Filippin… və eləcə də tədbirə qatılan digər ölkələrlə ədəbi əlaqələrin genişlənməsi baxımından böyük töhfələr verəcəyinə əmin olduğunu qeyd etdi. Bari şəhər Bələdiyyəsinin Mədəniyyət işləri üzrə müdiri Silvio Maselli çıxışında ədəbi əlaqələrin dünya xalqlarının qaynayıb-qarışmasında, bir-birini yaxından tanımasında ciddi önəm daşıdığını bildirdi. Köklü təhsil ənənələri ilə Avropada özünəməxsus mövqeyi olan Bari Aldo Moro Universitetinin rektoru professor, doktor Antonio Felice Urıcchıo Beynəlxalq Festivalın rəhbərlik etdiyi universitetdə gerçəkləşməsindən böyük fəxarət duyduğunu, tələbələrin dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində belə tədbirlərin böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Rektor prof.Antonio Felice Urıcchıo Bari Aldo Moro Universitetinin beynəlxalq təhsil aləmində tutduğu mövqe, başlıca nailiyyətlər, eləcə də universitetin yertləşdiyi şəhər haqqında məlumatlarla qonaqların təsəvvürlərinə aydınlıq gətirdi. KIBATEKin genel başqanı doktor Mevlut Kaplan, Bosniya Hertsoqovinyanın İzmirdəki baş konsulu Ahmet Kemal Baysak, Türkiyənin Brindisidəki baş konsulu Pınar Uğursal Bolognini çıxışlarında bu festivalın dünya xalqlarının təkcə ədəbi əlaqələrinə deyil, bu əlaqələr vasitəsilə bir-birinə siyasi münasibətlərinin də yaxşı mənada dəyişməsinə təsir aspektlərindən söz açdılar. Çıxışlarda KİBATEK – 39 Beynəlxalq Ədəbiyyat Festivalı yalnız söz sənətinin təntənəsi tək yox, həm də insanlığın bayramı kimi qiymətləndirildi.
Ölkələr adından çıxış etmək üçün yeddi ölkənin iştirakçısına söz verildi. Hindistandan Jernail Singh Anand, Kanadadan Ashok Bhargava, Rumıniyadan Bruma Anka Mihaela, Azərbaycandan dos.dr.Təranə Turan Rəhimli, İrlandiyadan Amy Barry, İraqdan Kemal Beyatlı, Quzey Kıbrıs Türk Cümhuriyyətindən Sevil Emirzade çıxış edərək bu tədbirin müharibələrin tüğyan etdiyi, millətlərarası münaqişələrin getdikcə artdığı bir zamanda nə qədər böyük əhəmiyyət daşıdığını, şeir diliylə, ədəbiyyat sevgisiylə insanlığı bir araya gətirmək kimi müqəddəs bir amala xidmət etdiyini vurğuladılar. İraqlı şair Kemal Beyatlının dünyaya səslənən “Cocuqlar ölməsin!” mesajı bütün salonu titrətdi. Ölkəmizi təmsil edən şair-araşdırmaçı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü Təranə Turan Rəhimli çıxışında bu festivalın Azərbaycan-İtaliya ədəbi əlaqələrinə verdiyi töhfələrdən bəhs edərək festival öncəsi ədəbi tanışlıqlar sayəsində bələd olduğu çağdaş italyan ədəbiyyatından tərcümələr etdiyini bildirdi. O, italyan şairi Maria Miraqlianın şeirlərinin Azərbaycan mətbuatında yayımlanmasını, eləcə də öz şeirlərinin Maria Miraqlianın tərcüməsində İtaliyada italyan və ingilis dillərində çap edilməsini bu əlaqələrin genişlənməsi sahəsində ilkin uğurlardan biri kimi vurğuladı. Festival iştirakçılarının şeirlərini özündə birləşdirən ingilis və italyan dilində şeirlərin və tərcümeyi-hal materiallarının yer aldığı “Poeziya antologiyası”nın da nəşrini ədəbi əlaqələr sahəsində mühüm addımlardan biri kimi dəyərləndirdi. Təranə Turan Rəhimli bu kimi çalışmaların gələcəkdə öz çevrəsini daha da genişləndirəcəyinə, festival iştirakçılarının hər birinin şeirlərinin Azərbaycanda, Azərbaycan şairlərinin yaradıcılıq örnəklərinin isə həmin ölkələrdə nəşrinə əminliyini vurğuladı.
Bari Aldo Moro Universitetində gerçəkləşən şeir şölənində Leyla İşık, Fəyyaz Sağlam, dr.Mevlüt Kaplan (Türkiyə), Maria Mıraqlıa (İtalya), dos.dr. Təranə Turan Rəhimli (Azərbaycan), Kornelia Marks (Almaniya), Nuri Can (Hollandiya), Sevil Emirzade (KKTC), Ashok Bhargava, Aida Bhargava (Kanada), Pen Pen Bugtong Takipsilim (Filippin), Anka Mihaela Bruma (Rumıniya), Amy Berry (İrlandiya), dr.Jernail Singh Anand (Hindistan), Aron Shele (Belçika), Shqiponja Duro (Albaniya), Kemal Beyatlı (Iraq) şeirlərini səsləndirdilər.
Tədbirdə KİBATEK qurucusu və fəxri başqanı, TC Dokuz Eylül Univesritetinin müəllimi Fəyyaz Sağlamın “Doğu şeiri – Batı şeiri bağlamında çağdaş Türk şeiri” mövzusunda məruzəsi dinləyicilərin böyük marağına səbəb oldu. Məruzəçi İtaliyanın yerli xalqı etruslarla türklərin kök bağlılığına aydınlıq gətirən məqamlara da toxundu. Festifalın fəxri fərmanlarını iştirakçılara təntənəli surətdə təqdim edən rektor prof.dr. Antonio Fellice Urıcchıoya müxtəlif ölkələrin nümayəndələri öz ölkələrinin simvolik hədiyyələri ilə minnətdarlıqlarını ifadə etdilər. Masaüstü Azərbaycan bayrağını, Bakı-İçərişəhər illüstrasiyalı hədiiyəni, həmçinin “Sevgimden tanıyacaklar” adlı Türkiyədə nəşr olunan kitabını rektora hədiyyə edən Azərbaycanlı şair Təranə Turan Rəhimli belə bir möhtəşəm festivalın gerçəkləşməsində əməyi olan təşkilatlara, eləcə də Bari Aldo Moro Universitetinə dərin təşəkkürünü bildirdi. Bari Aldo Moro Universitetindəki tədbir rektorluğun KİBATEK heyətinin şərəfinə verdiyi ziyafətlə başa çatdı.
Festival proqramı çərçivəsində hərəkət edən ədəbiyyatçılar İtaliyanın Puliya vilayətində Alberobello kommunasına səyahət etdilər. Alberobello Bələdiyyəsi başqanı Mikele Longo ilə görüşdən sonra qədim nağılvari evlərin yerləşdiyi, dünya turistlərinin axışdığı əfsanəvi Turilli evlərini gəzdilər. Daha sonra isə Martina Francanı ziyarət etdilər. Günün sonunda Crispiano Cty Bələdiyyə başqanı Goffiolio Jppolitonun KİBATEK heyəti şərəfinə Pizzicheridde restoranında ziyafət verdi.
20 fevralda KİBATEK-çilər Taranto Bələdiyyə başqanını ziyarət etmiş, Tarantonun mədəniyyət işləri üzrə müdürü Ippazıo Stefano ilə görüşmüş, italyan mədəniyyət işçisi festival iştirakçılarıyla yaxından tanış olmuşdur. İtaliya Dəniz Qüvvələri Komandanlığını və tarixən ölkəni yadellilərdən qorumaq üçün mühüm hərbi iqamətgah olmuş əzəmətli Taranto Qalasını (Castello Aronesse) ziyarət edən ədəbiyyatçılar admiral Françesko Riççinin qalanın tarixi, sirli konstruksiyası və hərbi əhəmiyyəti haqqında məlumatlarını böyük həvəslə dinləyiblər. Françesko Riççinin öz işinə sonsuz sevgisini müşahidə edən şaair-yazarlar bir gündə gəzib başa çatdırmağın qeyri-mümkün olduğu böyük qalanın əsas keçidlərini, sirli guşələrini, eləcə də bürclərdə qoyulmuş orijinal Vatikan toplarını geniş və dərin hərbi biliyə malik admiralın sayəsində tanıdılar. İtaliya Dəniz Qüvvələri Komandanlığının verdiyi günorta yeməyi ziyafətindən sonra Taranto gəzintisi davam etdi.
Bari Aldo Moro Üniversitetinin Taranto korpusunda (Salone Dell universita Degli Studi Vıa Duomu) festivalın qala gecəsi reallaşdı. Foyedə KIBATEK Yayınları tərəfindən nəşr edilən kitablar sərgiləndi. Qala gecəsinin aparıcısı məşhur sunucu Rosaballa De Giorgi festival həyəcanını yüsək səviyyədə ifadə edən nitqi ilə rəğbət qazandı. Tədbirin əvvəlində ödül törənini gerçəkləşdirən festival mənsubları və iştirakçılar KİBATEKin və Pablo Neruda Mədəniyyət Mərkəzinin mükafatları, medalları ilə təltif olundular. Dünya Gənc Türk Yazarlar Birliyini ödüllərini ədəbi əlaqələr sahəsində xidmətlərinə görə Saverio Sinopoli, Fəyyaz Sağlam, Maria Miraqlia, Leyla Işık, Ahmet Kemal Baysak və Massimiliano Rasoya həmin birliyin məsləhət konseyinin üzvü dosent doktor Təranə Turan Rəhimli təqdim etdi.
Qala gecəsindəki uluslarası şeir şölənində daha çox diqqəti çəkən məqam bu idi ki, festival iştirakçıları şeirlərini öz ana dillərində oxuduqdan sonra həmin şeirlərin italyan dilinə tərcüməsi İtaliyanın tanınmış bədii qiraət ustaları və teatr xadimləri Rosanna Morrigan Papalia, Miriam Linciano, Adriano Calzolaro tərəfindən məharətlə ifa edildi. Qala gecəsini unudulmaz edən təkcə poeziya örnəkləri deyil, həm də italyan balet, rəqs, folklor və musiqi qruplarının ifaçıları oldu. Balet üzrə Avropa birincisi seçilmiş Roberto Di Laura, müğənni Lorenzo Sermon, folklor rəqqası Selva Cupina, trio üzvləri Armonie Esemble, M.Vincen Zo Zecca, Miriam RİZZO və başqaları əsrarəngiz çıxışları ilə Qala gecəsində fərqli ölkələrin iştirakçılarının zövqlərini oxşayıb, zəngin təəssüratarla yaddaşlara həkk olundular. Gecənin sonunda Taranto İncəsənət Liseyinin şagirdlərinin festivala qatılan şairlərin karikaturalarından ibarət maraqlı hədiyyələri təntənəli surətdə təqdim olundu. Festival iştirakçılarının birgə foto çəkdirməsindən sonra Qala gecəsi başa çatdı. Lakin festivalın ədəbi könüllərdəki ömrü hələ çox davam edəcək. Hər bir şairin ədəbiyyata, insana sevgi ilə döyünən qəlbində, ruhunda İtalyan qonaqpərvərliyi və möhtəşəm festivalın son dərəcə zəngin təəəssüratları həmişəlik yaşayacaq.