Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Dost daşı
Gözlərimi yumuram,
Oyadıram yaddaşı.
Yurd-yuva yada düşür,
İtirdim çox yoldaşı.
Çoxlarını pir bildim,
Nə biclik, nə sirr bildim.
Ağlamalı yer bildim,
Selə döndü göz yaşı.
Kim çəkərdi bu dərdi,
Ötən ömür hədərdi.
Mənə təsəlli verdi,
Özgələr uzaqbaşı.
El dərdini ağladım,
Dost yolunu saxladım.
Hamıya bel bağladım,
Dəydi mənə dost daşı.
Ölümə sarı
Bir qəribəm doğma yurdda,
Ruhumu kimə tapşırım.
Dilim söz tutmur danışam,
Sözü qələmə tapşırım.
Yollarda tükəndi səbrim,
Heç sevmədi dünya məni.
Ümidlərə bel bağladım,
Səpdi saçlarıma dəni.
O dağlardan ayrılandan,
Üstümə küləklər əsir.
Dağ vüqarım xəstə düşüb,
Ayrılıq səbrimi kəsir.
Ömür sönür yavaş-yavaş,
Cismimdən köçüb gedirəm.
Bu dünya görmədi məni,
Səssizcə keçib gedirəm.
Heç kimdən kömək ummuram,
Demirəm yaramı sarı.
Vətənə gedə bilmədim,
Gedirəm ölümə sarı.
Dünya
Bu dünyanın işinə bax,
Gecə-gündüz hey fırlanır.
Gündüzlər günəşi yanır,
Gecələr ayı nurlanır.
Həm qışı var, həm də yazı,
Gah can verir, gah can alır.
Birini ata mindirir,
Birini də atdan salır.
Ömür verir, gün verməyir,
Göz yaşını bol eyləyir.
Son mənzilə çatmır hamı,
Yolçunu yolda əyləyir.
Tonqal qurur, ocaq satır,
Yananı külə döndərir.
Toxumu ağac eyləyir,
Qönçəni gülə döndərir.
Qəribədi vallah dünya,
Gah zülmət, gah işıq olur.
Gedənə bir taxta tabut,
Gələnə bir beşik olur.