em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Payız yağışı

Yuyulur dağ, meşə, yuyulur yarpaq,
Oxunur təbiət bax varaq-varaq.
Göyərən zəmidi, nurlanan torpaq,
Ruzi-bərəkətdi payız yağışı.

Sanırsan hər qaya qaval daşıdı,
Görürsən durnalar bağları aşdı.
Həzin bir nəğmədi, sevinc yaşıdı,
Köhnə rəvayətdi payız yağışı.

Çən, duman içində çaşır ucalar,
Baxıb köks ötürür tənha qocalar.
Bir “Vağzalı” çalır düşən damcılar,
Şirin söz-söhbətdi payız yağışı.

Saxlaya bilməyir budaqlar barın,
Gülür çöhrələri, xoş duyğuların.
Yanağı qızarır gülöyşə narın,
Sevgi, məhəbbətdi payız yağışı.

Niyə şair oldum

Niyə şair oldum, Allahım niyə,
Vətənə şair yox, əsgər gərəkmiş.
O yurda, torpağa qeyrətli yiyə,
Yurdu qorumağa bir nər gərəkmiş.

Yurd əldən getməzdi qorunsa əgər,
Bizim qəlbimizdə təpər olmadı.
Şeirimi, sözümü oxuyan əsgər,
Gedib bir qarış da torpaq almadı.

İgid bir döyüşçü doğulaydın kaş,
Soyuq səngərlərdə duraydın gərək.
Əldən getməyəydi o torpaq, o daş,
Gedəydin düşmənin üstünə şirtək.

Söz çatmır dünyanın kar qulağına,
Ürəyim partlayır qüssədən, dərddən.
Gör kim sahib çıxıb cənnət bağına,
Sözlə düşmən çıxmaz tutduğu yerdən.

Tanrı sözünü də eşitmir nadan,
Qansız eşidərmi şair sözünü.
İndi ayaq açıb yeriyir yalan,
Tülkü bir şir bilir indi özünü.

Boş vədlə sağalmaz bir qanlı yara,
Silaha silahla cavab verilər.
Torpağı verməyək qəsbkarlara,
Dərdin ağlamasaq torpaqmı gülər.

Düşmən insaf bilməz, mürüvvət bilməz,
Daha hayımıza gəlib çatan yox.
Döyüş meydanında söz kara gəlməz,
Hamı şeir yazır, silah tutan yox.

Niyə şair oldum, Allahım niyə,
Vətənə şair yox, əsgər gərəkdir.
O yurda, torpağa qeyrətli yiyə,
Yurdu qorumağa bir nər gərəkdir.

Ötüşən günlər

Ötüşən günlərin yoxdu əvəzi,
Biz gəlib yetişdik barlı günlərə.
Günlər yavaş-yavaş aparır bizi,
Şaxtalı günlərə, qarlı günlərə.

Günəşin üzünü örtüb buludlar,
İndi qızınmağa günəş gəzirik.
Yaylaqdan enibdi kişnəyən atlar,
Evdə oturmaqdan daha bezirik.

Qızılı geyinib qoca çinarlar,
Dağlar çoxdan örtüb ağ örpəyini.
Nazlanır bağlarda gülöyşə narlar,
Küləklər süpürür dağ ətəyini.

Çiçəklər sığınıb dar dərələrə,
Kəsilib qışların şirin nəğməsi.
Bir sükut çökübdü indi hər yerə,
Bir az qəzəblidi küləyin səsi.

Uzanıb yamanca payız gecəsi,
Təzə naxış açır damlalar yerdə.
Duyulur hər yerdə qışın nəfəsi,
Çiçəklər açılır xatirələrdə.