mm

ADAM VAR Kİ…

Zəmanənin aşağıdan yuxarı,
Qarışıbdır halal gəlir-çıxarı,
Bu dünyanın tərsə düşüb axarı,
Qurd qoyunun sayasına şellənir.

Adam var ki, halalına güvənir,
Adam var ki, kamalına güvənir,
Adam da var cəlalına güvənir,
Haram tutmuş mayasına şellənir.

Çoxu istər ehkamları qıra bir,
Alçalsa da, təki olsun sıra bir,
Xəbəri yox, əldən gedib ar-abır,
İtirdiyi hayasına şellənir.

TORPAQ

Zəhmət kitabıdır, qeyrət dastanı,
Oxu, varaq-varaq çevir torpağı.
Onun tək insana yaxın dost hanı?
Aqillər binadan sevir torpağı.

Odur bu dünyanın doğum sənədi,
İlk zəfər nəğməsi ona deyilib.
Nəsillərə keçən bir dəfinədir,
Əzəldən torpağa Ana deyilib.

Atamın ovcuna bənzəyir bir az,
Ətrindən, dadından, səxavətindən.
Əkib becərməsən bir dən də qıymaz,
Zəhmət ətri gələr bərəkətindən.

Dilini öyrəndik danışdı bizə,
Ötən əsirlərin hekayətini.
Hər izi doğmadır, tanışdır bizə,
Saxlayar tarixin əmanətini.

Torpağın bətnindən Vətən doğulub,
Dönüb zaman-zaman el nəğməsinə.
Torpaq Vətən olub, torpaq yurd olub,
Dönübdür xalqımın salnaməsinə.

Heç vaxt itirmədi bütövlüyünü,
Bölsək də biz onu həyətbə-həyət.
Torpağa tapşırıb taleyimizi,
Bizə həyat verən ana təbiət.